Kiberfiziki sistemlərin kiberdayanıqlığının qiymətləndirilməsi məsələləri tədqiq olunur

09 Aprel 2025 - 14:30 | Konfranslar, İclaslar
Kiberfiziki sistemlərin kiberdayanıqlığının qiymətləndirilməsi məsələləri tədqiq olunur

ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi-nəzəri nəticələrin (3-cü, 4-cü və 5-ci fəsillər üzrə) müzakirəsinə həsr olunduğunu qeyd edib.

Daha sonra L.Suxostat “Kiberfiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edib. O, tədqiqat işində kiberfiziki sistemlərin informasiya texnologiyalarının kibertəhlükəsizliyinin və əməliyyat texnologiyalarının qorunmasının təmin edilməsi üsulları və alqoritmlərinin işlənildiyini diqqətə çatdırıb. “Bu məqsədlə ekstremal maşın təlimindən istifadə etməklə kiberfiziki sistemlərə kiberhücumların klassifikasiyası metodu, klassifikatorlar ansamblından istifadə etməklə DoS hücumlarının aşkarlanması metodu və kiberhücumlarda vizual təsvirlərə əsaslanan zərərli proqram təminatının aşkarlanması alqoritmi işlənmişdir”, - deyə tədqiqatçı vurğulayıb.  

Məruzəçi qeyd edib ki, iyerarxik gizli Markov modelləri əsasında kiberfiziki sistemlərin əməliyyat texnologiyalarında anomaliyaların aşkarlanması metodu, kiberfiziki sistemlərin cihazlarında vizual təsvirlərə əsaslanan nasazlıqlarının təsnifat metodu işlənmişdir.

L.Suxostatın sözlərinə görə, dissertasiya işi çərçivəsində kiberfiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün bir sıra metodlar təklif olunmuşdur. O, bu yanaşmalar arasında Bayes hücum qrafiki əsasında kiberfiziki sistemlərin funksional komponentlərinin zəifliklərinin kritikliyini müəyyən etmək üçün metodun, o cümlədən Suqeno qeyri-səlis inteqralından istifadə edən risklərinin qiymətləndirilməsi metodunun işlənildiyini diqqətə çatdırıb.

Tədqiqat işinə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.

Elmi məsləhətçi, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işi çərçivəsində aparılmış tədqiqatlara münasibətini bildirib. Alim kiberfiziki infrastrukturun kiberdayanıqlılığının təmin edilməsi problemləri üzrə çap olunmuş məqalələri və əldə olunan elmi-nəzəri nəticələri yüksək qiymətləndirib, tədqiqat işinə dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.