“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcək

17 Mart 2025 - 10:54 | Elanlar
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcək

23 may 2025-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti və Biofizika İnstitutunun təşkilatçılığı ilə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcəkdir.

Konfransın məqsədi rəqəmsal transformasiya şəraitində Azərbaycanda generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi, süni intellekt texnologiyaları əsasında müxtəlif təyinatlı tibbi informasiya sistemlərinin yaradılması və tətbiqi, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, tibbi biliklərə əlçatanlığın artırılması, pasiyentlərin məmnunluğunun təmin edilməsi, əsaslandırılmış həkim qərarlarının qəbulu prosesində meydana gələn bir çox məsələlərin elmi müstəvidə həlli zərurətinə diqqətin artırılması, Sənaye 4.0 çağırışları kontekstində ölkənin səhiyyə infrastrukturunun konseptual və arxitektur-texnoloji əsaslarının formalaşdırılması istiqamətində mövcud olan problemlərin, imkanların və perspektivlərin müzakirəsi üçün intellektual dialoq platformasının təşkilindən ibarətdir.

KONFRANSIN   ƏSAS   İSTİQAMƏTLƏRİ

  • Sənaye 4.0 çağırışları kontekstində ölkənin səhiyyə və tibb infrastrukturunun formalaşmasının elmi-texnoloji problemləri
  • Səhiyyənin təşkili, müalicə və diaqnostika prosesində süni intellekt texnologiyalarının tətbiqi məsələləri
  • Ölkə miqyasında fasiləsiz generasiya olunan böyük həcmli tibbi verilənlərin toplanması, intellektual emalı, etibarlı saxlanması, təşkili və idarə olunması problemləri
  • Səhiyyə və tibb fəaliyyəti prosesində toplanan fərdi məlumatların kibertəhlükəsizliyinin təmin olunması problemləri
  • Rəqəmsal transformasiyalar şəraitində ölkədə səhiyyə və tibb fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və inkişafı məsələləri
  • Tibbi informatika və biotibbi mühəndislik sahəsində kadr hazırlığı problemləri

Məruzələrin tərtibatına dair tələblər

  • Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş elmi məruzələr qəbul olunur
  • Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) az olmamalıdır
  • Məruzə elektron şəkildə digitalhealth@iit.science.az ünvanına göndərilməlidir
  • Məruzədə problemin aktuallığı, məsələnin qoyuluşu, həlli yolları və əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır
  • Məruzənin formatı IEEE standartına uyğun olmalıdır (Nümunə: Sample_IEEE (eng).doc, Sample_IEEE (aze).doc)
  • Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır
  • Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyadı ingilis dilində əlavə edilməlidir
  • Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” formatında slaydlar hazırlamalıdırlar.
  • Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

Mühüm tarixlər:

20 aprel 2025-ci il

Məruzələrin təqdim edilməsi üçün son tarix 

30 aprel 2025-ci il

Məruzələrin elmi ekspertizasının nəticəsi haqqında müəlliflərin məlumatlandırılması tarixi

23 may 2025-ci il

Konfransın iş günü

Əlaqə məlumatları

Ünvan:   AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9.

             ETN İnformasiya Texnologiyaları İnstitutu
Tel:        (+994 12) 539-97-39; 537-22-97
E-poçt:     digitalhealth@iit.science.az