Rəqəmsal tibb 4.0 problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir

17 Fevral 2025 - 14:35 | Konfranslar, İclaslar
Rəqəmsal tibb 4.0 problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənməsi üzrə 11 saylı şöbənin cari il üçün fəaliyyət planı müzakirə olunub.

Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova fəaliyyət planını təqdim edərək cari ildə şöbədə rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində yerinə yetirilməsi nəzərdə tutulan elmi-tədqiqat işləri haqqında məlumat verib. 

Prof. Məsumə Məmmədova Səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənməsi problemi çərçivəsində məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi və qərarların qəbulu, Səhiyyə 4.0 və rəqəmsal-dövlət platformasında inteqrasiya olunmuş milli vahid tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi istiqamətində tədqiqatların aparılmasının nəzərdə tutulduğunu söyləyib.

Şöbə müdiri Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə yerinə yetirilən qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi mövzusunda tədqiqatların bu il də davam etdiriləcəyini bildirib. Eyni zamanda tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu, Səhiyyə 4.0 platformasında əhalinin tibbi demoqrafik təhlükəsizliyinin idarə olunması üçün modellərin işlənməsi ilə bağlı tədqiqatların aparılacağını qeyd edib.

“Rəqəmsallaşma və yaşıl keçid mühitində kənd təsərrüfatının intellektual idarə olunması üçün model və metodların işlənməsi, tibbi təsvirlər əsasında xəstəliklərin proqnozlaşdılması üçün  intellektual model və metodların işlənməsi ilə bağı araşdırmaların aparılması da cari il üzrə fəaliyyət planına daxil olan məsələlərdir”, – deyə prof. M.Məmmədova əlavə edib.

Məruzəçi 2025-ci ildə Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə çapı nəzərdə tutulan məqalələr haqqında məlumat verib.

O, rəhbərlik etdiyi şöbənin beynəlxalq əlaqələri, xüsusilə rəqəmsal tibbin formalaşması və inkişafı istiqamətində GEANT Assosiasiyası ilə əməkdaşlığı barədə məlumat verib. Şöbə əməkdaşları tərəfindən Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən seminarlarda iştirakın nəzərdə tutulduğunu, Meksika Milli Avtonom Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini söyləyib.

Şöbənin elmi-praktiki və innovasiya fəaliyyətindən bəhs edən prof. M.Məmmədova 2025-ci ildə “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransının təşkili ilə bağlı görüləcək işlərdən danışıb. Həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim süni intellekt texnologiyalarının tətbiqi ilə tibbi təsvirlər əsasında xəstəliklərin proqnozlaşdılması istiqamətində tədqiqatların aparılmasını tövsiyə edib.

Cari ildə İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi nəzərdə tutulan “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransının əhəmiyyətini vurğulayan akademik, bu tədbirdə rəqəmsal tibbin müxtəlif aspektlərinə dair səmərəli müzakirələrin aparılacağına inamını ifadə edib. “Rəqəmsal tibb 4.0 problemləri ilə bağlı tədqiqatlar 2025-ci ildə institutun prioritet istiqamətidir” – deyən AMEA-nın vitse-prezidenti, ölkəmizdə rəqəmsal tibb 4.0 dövlət proqramı və konsepsiyasının işlənilməsinin, eləcə də rəqəmsal səhiyyə sahəsində yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsinin  zəruri olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.