Bu gün Las-Veqasda “International Consumer Electronics Show 2015” sərgisi öz işinə başlayıb. Rəqəmsal texnologiyaların inkişafında flaqman hesab olunan istehlak elektronikası sərgisi Məişət Elektronikası Assosiasiyası (Consumer Electronics Association) tərəfindən təşkil olunub. Qurum məişət texnikası və elektronika bazarının inkişafı, yeni texnologiyaların istehlak bazarlarına yönəldilməsi ilə məşğul olur.
Sərgidə “EchoStar”, “Intel”, “Microsoft”, “Motorola”, “Panasonic”, “Philips”, “Samsung”, “Sony”, “Toshiba” kimi tanınmış şirkətlər iştirak edərək audio, video, kompüter avadanlıqları və proqram təminatı, elektron oyunlar, İnternetə əsaslanan multimedia sistemləri, simsiz qurğular, telekommunikasiya infrastrukturu, təsvirin rəqəmli surəti və digər sahələrdə məhsullarını nümayiş etdiriblər.
CES 2015 dünyanın 130-dan çox ölkəsindən naqilsiz texnologiyalar üzrə mütəxəssislər, peyk televiziyası üçün aparatura tədarükçüləri, mühəndis və montajçılar, korporativ alıcılar, əyləncə sənayesi direktorları, hökumət və media nümayəndələrini cəlb edir.
Qeyd edək ki, ilk dəfə 1967-ci ildə Nyu-Yorkda keçirilmiş sərgidə 200 eksponent öz məhsulunu nümayiş etdirmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.