Sənaye 4.0 platformasında İKT-nin tətbiqi ilə ətraf mühitin mühafizəsi problemləri tədqiq olunacaq

27 Yanvar 2025 - 09:00 | Konfranslar, İclaslar
Sənaye 4.0 platformasında İKT-nin tətbiqi ilə ətraf mühitin mühafizəsi problemləri tədqiq olunacaq

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev rəhbərlik etdiyi struktur bölmənin 2025-ci il üzrə fəaliyyət planını təqdim edib.

Öncə şöbənin elmi-tədqiqat fəaliyyəti barədə məlumat verən B.Ağayev cari ildə Sənaye 4.0 platformasında İKT-nin tətbiqi ilə ətraf mühitin mühafizəsi problemlərinin həlli ilə bağlı tədqiqatların aparılacağını bildirib. Bu çərçivədə MDB ölkələrində elektron tullantıların idarəçilik təcrübəsinin müqayisəli analizi, elektron tullantıların idarəçilik sahəsində Avropa Birliyi təcrübəsinin Azərbaycanda tətbiqi üçün təkliflərin işlənməsinin nəzərdə tutulduğunu qeyd edib.

“Ətraf mühitin mühafizəsi kontekstində elektron tullantı problemlərinin və yaşıl istehsal texnologiyalarının tətbiqi ilə elektron tullantıların azaldılması problemlərinin araşdırılması da cari ilin fəaliyyət planına daxil olan məsələlərdəndir”, – deyə alim bildirib.

Neft-qaz kompleksinin mövcud texnoloji problemlərinin İKT platformasında innovativ həlli yolları ilə bağlı tədqiqatlar haqqında məlumat verən şöbə müdiri bu istiqamətdə neft-qaz komlekslərinin ətraf mühitə və iqlim dəyişmələrinə təsir xüsusiyyətlərinin araşdırılmasının nəzərdə tutulduğunu söyləyib.

Sonra B.Ağayev 2025-ci il ərzində Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin çapı ilə bağlı məlumat verib.

Daha sonra o, şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra irad, təklif və tövsiyələrini səsləndirib, aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.