ETN İnformasiya Texnologiyaları İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə 20 Yanvar faciəsində Azərbaycan dövlətinin müstəqilliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək 35 il əvvəl baş vermiş və hər birimizin yaddaşına əbədi olaraq həkk olunmuş 20 Yanvar hadisəsinin tarixindən bəhs edib. Akademik R.Əliquliyev hər il ölkəmizdə Qanlı Yanvar hadisələrinin ildönümlərinin Azərbaycan xalqının mənəvi ucalıq və dəyanət günü kimi qeyd edildiyini bildirib. Baş direktor 1990-cı illərdə ölkəmizdə gedən milli azadlıq hərəkatının formalaşması tarixindən söz açaraq faciənin əsas səbəblərinə diqqət çəkib.
Bu faciənin təkcə qanla yazılmış səhifə deyil, Azərbaycanın müstəqillik yolunda əldə etdiyi zəfər tarixi olduğunu vurğulayan akademik R.Əliquliyev bu hadisənin Ümumxalq Hüzn Günü kimi əbədiləşdirilməsi və hadisəyə ilk siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz rola malik olduğunu qeyd edib.
Baş direktor 20 Yanvar faciəsinin, eləcə də Birinci və İkinci Qarabağ müharibələrinin dövlətimizin ərazi bütövlüyü və suverenliyini ciddi təhlükəyə məruz qoyduğunu bildirib. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam şəkildə bərpa edildiyini vurğulayıb.
Akademik Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan dövləti bütün maneələri dəf edərək və xalqımızın milli maraqlarını rəhbər tutaraq, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə suverenliyini qoruyub saxlayır, bütün sahələrdə yüksək nailiyyətlərə imza atır və qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Qeyd edək ki, yanvarın 20-də ETN İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib. İnstitut əməkdaşları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.