İnformasiya Texnologiyaları İnstitutu 2024-cü ili uğurla başa vurub

28 Dekabr 2024 - 14:45 | Mühüm hadisələr

ETN İnformasiya Texnologiyaları İnstitutunda 2024-cü ildə əhəmiyyətli elmi nəticələr əldə edilmiş, dünya elminin çağırışlarına cavab verən mühüm tədqiqatlar aparılmış, müvafiq elmi-təşkilati işlər həyata keçirilmişdir.

Belə ki, institutun əməkdaşları 2024-cü il ərzində də məhsuldar fəaliyyəti ilə seçilmiş, prioritet elmi istiqamətlərdə aparılmış tədqiqatların nəticələri Web of Science və Scopus bazalarına daxil olan jurnallarda öz əksini tapmışdır. Həmçinin İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları bu il də ABŞ-ın Stenford Universitetinin dərc etdiyi, dünyanın ən yaxşı 2% alimlərinin reytinq siyahısına daxil edilmişdir. Aparılan tədqiqatların nəticələri, əldə olunan nailiyyətlər institutun illik hesabat iclaslarında, o cümlədən Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının iclasında geniş müzakirə olunmuşdur.

Cari ildə İnformasiya Texnologiyaları İnstitutunda elm və təhsilin inteqrasiyasının gücləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmiş, ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri inkişaf etdirilmişdir. Bu istiqamətdə Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Həmçinin Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Tibb Universiteti və  Bakı Biznes Universiteti ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur.

İnformasiya Texnologiyaları İnstitutu cari ildə də dünya elminin tələblərinə cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsi, gənc tədqiqatçıların elmə cəlb olunması, onlara dəstək göstərilməsi işində yaxından iştirak etmişdir.

Bundan başqa, institutun əməkdaşları bu il ölkəmizdə keçirilmiş, dünyanın ən mötəbər tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak etmişlər. Həmçinin institutda “Yaşıl dünya naminə həmrəylik ili”  və COP29 çərçivəsində “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı baş tutmuşdur.

İnstitutun həmtəşkilatçılığı ilə “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” II beynəlxalq elmi-texniki konfransı, “İnformasiya texnologiyaları və onların tətbiqi” mövzusunda II beynəlxalq konfrans, və digər beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi də qurumun 2024-cü ildə əldə etdiyi əsas nailiyyətlər sırasındadır.

Bununla yanaşı, qurumda Həmkarlar Komitəsi tərəfindən əməkdaşların əmək, sosial və iqtisadi hüquqlarının qorunması, sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin müdafiəsi, mədəni-kütləvi tədbirlərin təşkili və idarə olunması, gənclərlə iş və asudə vaxtın səmərəli təşkili və s. istiqamətlərdə də əhəmiyyətli işlər görülmüşdür.

İnstitut əməkdaşları üçün bu il də istirahət mərkəzlərinə kollektiv səfərlər və müalicə mərkəzlərinə yollayışlar təşkil olunmuş, idman, səhiyyə, mədəniyyət və digər sahələrdə tədbirlər çərçivəsində kompleks işlər həyata keçirilmişdir.

Bu istiqamətdə təşkil olunan tədbirlərdən biri də İnformasiya Texnologiyaları İnstitutu və qurumun Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə institutun kollektivi üçün keçirilmiş bayram tədbiri olmuşdur.

Tədbirdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova çıxış edərək, 2024-cü ilin yüksək elmi nailiyyətlər, uğurlu nəticələrlə yadda qaldığını bildiriblər.

Çıxış edənlər İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi adından institutun kollektivini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik ediblər, əməkdaşlara möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzu ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.