ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Məleykə Paşayeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və STİMUL Education & Consulting Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Respublikasında yaşıl iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi istiqamətində peşə təhsil sisteminin inkişafı” layihəsində iştirak edib. Layihənin əsas məqsədi yaşıl iqtisadiyyatın gücləndirilməsi və alternativ enerji sahəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesinə töhfə verməkdir.
Layihə çərçivəsində günəş istilik enerjisi, günəş elektrik enerjisi, külək enerjisi, biokütlə enerjisi, hidrogen enerjisi və digər istiqamətlərdə təlimlər keçirilib. Həmçinin külək enerjisinin istehsalı prosesi, külək turbinalarının iş prinsipləri, onların texniki və mexaniki xüsusiyyətləri, habelə bu texnologiyaların dünya enerji bazarında rolu ilə bağlı müzakirələr aparılıb. Külək enerjisinin karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlılığın təmin edilməsində önəmi vurğulanıb.
Təlimlər zamanı iştirakçılara külək stansiyalarının qurulması, istismarı və texniki xidmətləri ilə bağlı praktiki tapşırıqlar verilib.
Yekunda 10 saatlıq intensiv təlim proqramını uğurla başa vuran iştirakçılar üçün imtahanlar keçirilib, yüksək nəticə göstərən iştirakçılara sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.