Qlobal smartfon bazarında böyükölçülü aparatlara tələbatın sabit artımı müşahidə olunur. “Strategy Analytics” şirkətinin əməkdaşları iddia edir ki, bu tendensiya gələn il də saxlanılacaq.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə 5 düymdən 5,99 düymədək diaqonallı ekranla təchiz edilmiş fabletlər qlobal mobil telefon satışının 25 faizini təşkil edəcək. Bu qurğular "superfon"larla (ekranı 4-dən 4,99 düymədək olan) birgə mobil telefon bazarının 80 faizinə nəzarət edəcək.
“ICTnews” elektron xəbər xidməti bildirir ki, analitiklər "planşetofon"ların geniş yayılmasını multimedia, oyun və naviqasiya xidmətlərinin populyarlığı, həmçinin satış qiymətinin azalması və inkişaf etməkdə olan bazarlara nüfuzetmə səviyyəsinin artımı ilə əlaqələndirir. 2013-cü ildə fabletlərin orta satış qiyməti 568 dollar olduğu halda, bir il sonra 397 dollar olub.
“IDC” analitik şirkətinin proqnozuna əsasən, 2015-ci ildə istehsalçılar 318 milyon fablet istehsal edəcəklər. Qeyd edək ki, ötən il bu göstərici 175 milyon təşkil edib.