Zərərli proqramların aşkarlanması üsulları araşdırılır

21 Noyabr 2024 - 10:56 | Konfranslar, İclaslar
Zərərli proqramların aşkarlanması üsulları araşdırılır

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev əvvəlcə hazırda ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətini vurğulayıb, beynəlxalq tədbirin uğurla davam etdiyini qeyd edib. AMEA-nın vitse-prezidenti institutun alim və mütəxəssislərini COP-29-la bağlı həqiqətləri, eləcə də institutda yaşıl cəmiyyət, yaşıl təfəkkürün formalaşdırılması, yaşıl riyaziyyat və s. istiqamətlərdə aparılan tədqiqatları ictimaiyyətə tanıtmaq, təbliğ etmək istiqamətində fəal iştirak etməyə səsləyib.

Sonra akademik institutda mütəmadi olaraq elmi seminarların keçirilməsinin vacibliyindən danışaraq, dissertasiya işləri çərçivəsində aparılan tədqiqatlarla tanış olmaq, qarşıya qoyulmuş məsələlərə bir daha diqqət yetirmək, eləcə də doktorant və dissertantlara elmi və intellektual dəstək göstərilməsi baxımından elmi seminarların mühüm rola malik olduğunu diqqətə çatdırıb.

Baş direktor institutun tədqiqatçılarına aparılan araşdırmaların elmi-nəzəri nəticələrinin institutun elmi seminarlarında təqdim olunmasına dair tövsiyələr verib, onları institutun qarşısına qoyulan vəzifələrin icrasında yaxından iştirak etməyə çağırıb.

Daha sonra institutun dissertantı Elşən Bağırov “Zərərli proqramların aşkarlanmasında Generativ Rəqib Şəbəkələrin rolu: sintetik verilənlərin generasiya edilməsi” mövzusunda məruzəni təqdim edib. Məruzəçi zərərli proqramlar və onun növləri, strukturu, aşkarlanması üsulları, verilənlər toplusunda tarazlığın bərpa edilməsi üsulları, bu sahədə rast gəlinən əsas problemlər və gələcək tədqiqatlar haqqında ətraflı məlumat verib.

Zərərli proqramların sistemin informasiya təhlükəsizliyinin pozulmasına yönəlmiş bədniyyətli proqramlar olduğunu bildirən gənc tədqiqatçı bu proqramların virus, soxulcan, casus, troyan və s. kimi növləri olduğunu diqqətə çatdırıb.

E.Bağırov zərərli proqramların aşkarlanması üsullarından bəhs edərək, bu proqramların statik, dinamik və hibrid analiz vasitəsilə aşkarlanmasının mümkün olduğunu vurğulayıb. Məruzəçi həmçinin icra olunabilən fayllardan statik və ya dinamik (və ya hər ikisi) yolla əldə edilmiş əlamətlər əsasında intellektual analiz metodlarının da tətbiq edildiyini qeyd edib, bu analiz metodlarının tətbiqi arxitekturasını təqdim edib.

O, verilənlər toplusunda tarazlığın bərpa edilməsi üsullarından danışıb, bu topluda tarazlığın pozulması nəticəsində intellektual analiz metodlarının performans göstəricilərinin aşağı düşdüyünü əlavə edib. Məruzəçi verilənlərin sintetik olaraq yaradılması yolu ilə tarazlığın bərpasına yönəlmiş üsul olan SMOTE metodunun imkanlarından bəhs edib. Bildirib ki, bu üsul modelin dəqiqliyini artırsa da, onun real mühitdə istifadəsi səmərəsizdir.

E.Bağırov Generativ Rəqib Şəbəkələrin ümumi strukturunu təqdim edib, bu şəbəkələr vasitəsilə verilənlərin çoxaldılmasının tətbiq sahələrini diqqətə çatdırıb.

Məruzəçi çıxışının sonunda aparılmış eksperimentlərlə əldə olunmuş nəticələri təqdim edib, əsas problemləri diqqətə çatdırıb. Qeyd edib ki, modelin öyrədilməsi müxtəlif, zəngin verilənlər toplusu tələb etməklə yanaşı, uzun öyrənmə müddəti tələb edir.

Tədqiqat ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Məruzə ilə bağlı çıxış edən akademik R.Əliquliyev proqram sistemlərinin etibarlılığı və dayanıqlılığı, bu sistemlərin immunitetinin artırılması, süni immun sistemlərinin proqram sistemlərində tətbiqi istiqamətində aparılan tədqiqatların önəmini vurğulayıb. Alim müasir dövrdə aktuallıq kəsb edən zərərli proqramların aşkarlanması üsullarının işlənilməsi məsələlərinə həsr olunmuş tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.