Yeni dövrün başlanğıcı: “Ağıllı şəhər” və “Ağıllı kənd" konsepsiyaları

21 Noyabr 2024 - 09:00 | Müsahibələr, çıxışlar

Məlum olduğu kimi, Azərbaycanda "Ağıllı şəhər" konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb. Prezident İlham Əliyev 2021-ci il aprelin 19-da "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyasının hazırlanması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb.

Prezident İlham Əliyev bununla bağlı bildirib ki, azad edilmiş ərazilərdə şəhərlər və kəndlər "smart-city", "smart-village", - yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında qurulmalıdır.

Azərbaycanın şəhər və kənd inkişafında yeni texnoloji yanaşmaların tətbiqi, xüsusilə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının gerçəkləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu gün müasir texnologiyaların tətbiqi ilə həyatın hər sahəsində yeni imkanlar yaranır və bu sahələrdə əldə olunan irəliləyişlər Azərbaycanın gələcəyinə dair böyük ümidlər yaradır.

"Olaylar"ın müsahibi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi Məmməd Həşimovla "Ağıllı şəhər" konsepsiyasının əsas ideyası, Qarabağ regionunda necə tətbiq oluna biləcəyi və cəmiyyətə gətirəcəyi faydalar haqqında söhbət etdik. Müsahibimiz, həmçinin bu konsepsiyaların inkişafında qarşılaşılan əsas problemlər və bu problemlərin həlli yolları haqqında da fikirlərini bizimlə bölüşdü. 

- Məmməd müəllim, "Ağıllı şəhər" konsepsiyasının əsas ideyası nədən ibarətdir?

- "Ağıllı şəhər" konsepsiyasının əsas ideyası şəhərin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Bu konsepsiya şəhər həyatında effektivlik və təhlükəsizlik kimi mühüm məsələləri həll etməyi hədəfləyir. "Ağıllı şəhər" dedikdə, real vaxtda məlumatları toplayıb qərarları bildirən, İnformasiya Kommunikasiya Texnologiyaları və Əşyaların İnterneti  (İoT) texnologiyalarından istifadə edən şəhər strukturu nəzərdə tutulur. Burada əsas məqsəd  ictimai təhlükəsizlik və nəqliyyatın idarə olunması kimi şəhər problemlərinə innovativ həll yolları təklif etməkdir.

Bu konsepsiyanın texnoloji əsasları daha da əhəmiyyətlidir. Məsələn, Əşyaların İnterneti (IoT) texnologiyası vasitəsilə, şəhərin hər bir komponenti - nəqliyyat vasitələrindən tutmuş enerji sərfiyyatına qədər hər şey bir-biri ilə əlaqə saxlayaraq optimal idarəetməni təmin edir. Bu texnologiyanın inkişafı Ağıllı şəhərlərin yeni dövrünü başlatdı. IoT cihazları bir-birinə bağlanaraq, əşyaların hərəkətini izləyir və məlumatları real vaxtda emal edərək qərarların avtomatik qəbul olunmasına şərait yaradır.

- Bu konsepsiya niyə vacibdir və üstünlükləri nələrdir?

- Şəhərlərin sürətlə böyüməsi və urbanizasiyanın artması nəticəsində ictimai təhlükəsizlik, nəqliyyatın idarə olunması və digər məsələlər daha da ağırlaşır. Ağıllı şəhərlər bu problemlərin həllində mühüm rol oynaya bilər. Burada fiziki infrastrukturla yanaşı, İKT infrastrukturu və xidmət infrastrukturu əsas tərkib hissələr kimi yer alır. Məsələn, ağıllı mobillik anlayışı vasitəsilə nəqliyyatın effektiv idarə olunması, "ağıllı" həyat çərçivəsində vətəndaşlara keyfiyyətli səhiyyə, təhsil və təhlükəsizlik xidmətləri təklif olunur. Bu xidmətlər, böyük verilənlər (Big Data) texnologiyası sayəsində daha dəqiq və operativ şəkildə idarə oluna bilir. İctimai təhlükəsizlik və şəhər içindəki bütün proseslər real vaxtda analiz edilərək, humanitar xidmətlər də müasir texnologiyalar vasitəsilə optimallaşdırılır.

Bütün bunlar şəhərdə həyat səviyyəsini artırır və vətəndaşların səriştə və vərdişlərini inkişaf etdirməklə keyfiyyətli insan kapitalının yetişdirilməsinə şərait yaradır.

- "Ağıllı şəhər", "Ağıllı kənd" layihələrinin tətbiqi Qarabağ regionunun inkişafında necə rol oynayacaq?

- Qarabağ regionunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin həyata keçirilməsi texnoloji əsaslarla yenidənqurma işlərini sürətləndirəcək və bölgənin davamlı inkişafına töhfə verəcək. İşğaldan azad olunmuş ərazilərdə sıfırdan inşa edilən infrastruktur, müasir texnologiyaların tətbiqi ilə tamamilə yeni bir səviyyədə formalaşacaq. Məsələn, Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi 5 əsas komponenti - yaşayış, istehsal, sosial xidmətlər, "Ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrini əhatə edəcək. Bu isə regionda davamlı inkişafı təmin etmək, elektron xidmətlərin daha geniş tətbiqi və əhalinin həyat keyfiyyətini yüksəltmək üçün yeni imkanlar açacaq. Eyni zamanda, Bulud texnologiyaları və Duman texnologiyaları kimi müasir texnologiyalar, verilənlərin mərkəzləşdirilmiş sistemlərdə idarə olunmasını mümkün edir, beləliklə, Qarabağdakı şəhər və kəndlərdə daha sürətli və operativ qərarların verilməsi təmin ediləcək.

- "Ağıllı şəhər" konsepsiyasını əhatə edən xidmətlər hansılardır?

- Ağıllı şəhər konsepsiyası, şəhərlərin idarə olunmasını daha səmərəli və intellektual hala gətirən texnoloji yanaşmalardır. Bu yanaşmalar şəhərdəki müxtəlif xidmətləri bir-biri ilə əlaqələndirərək, resurslardan istifadəni optimallaşdırır və şəhər sakinlərinin gündəlik həyatını asanlaşdırır. Ağıllı şəhər xidmətlərindən bəziləri aşağıdakılardır:
    1.    Nəqliyyatın intellektual idarəetmə sistemləri - Bu xidmət, yol hərəkətinin və şəhərdəki müxtəlif nəqliyyat növlərinin monitorinqini və idarə edilməsini əhatə edir. İqtisadi və fiziki məhdudiyyətlər səbəbindən bəzən infrastrukturun təkmilləşdirilməsi mümkün olmur, amma ağıllı sensorlar və qabaqcıl planlaşdırma vasitələri ilə nəqliyyatın daha səmərəli idarə edilməsi mümkündür. Bu sistemlər, tıxacları azaltmağa və nəqliyyatın çevikliyini artırmağa imkan verir.
    2.    İctimai nəqliyyatın idarə edilməsi - İctimai nəqliyyat vasitələrinin hərəkətini izləyən cihazlar və elektron məlumat lövhələri vasitəsilə sərnişinlərə marşrutlar və gəliş vaxtları barədə real vaxt məlumatı verilir. Bu xidmətlər, ictimai nəqliyyatın daha effektiv fəaliyyətini təmin edir və istifadəçilərin nəqliyyat seçimlərini daha çevik etməyə imkan verir.
    3.    Ağıllı parkinq - Bu sistem park yerlərinin mövcudluğunu izləyir və sürücüləri boş park yerləri barədə məlumatlandırır. Ağıllı parkinq sistemi, park axtarışı müddətini, yanacaq istehlakını və CO2 emissiyalarını azaldır, beləliklə, şəhərin park problemini daha səmərəli həll edir.
    4.    Ağıllı işıqlandırma - Küçə işıqları, hava şəraitinə, hərəkətə və ətraf mühitə uyğun olaraq avtomatik şəkildə tənzimlənir. Bu texnologiya, işıqlandırma səmərəliliyini artırır, enerjiyə qənaət edir və ətraf mühitə daha az təsir göstərir.
    5.    Tullantıların ağıllı idarə olunması - Şəhərlərdə tullantıların toplanması prosesini optimallaşdıran bu sistem, konteynerlərdə yerləşdirilən sensorlar vasitəsilə qutuların dolma səviyyələrini izləyir və tullantıların təkrar emal üçün zamanında toplanmasını təmin edir. Bu yanaşma, tullantıların idarə olunmasında daha az resurs sərf etməyə imkan verir.
    6.    Ağıllı nəzarət sistemi - Şəhər təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunan ağıllı video nəzarət həlləri, cinayət əməllərini vaxtında aşkarlayır və analiz edir. Üz tanıma və nəqliyyat vasitələrinin izlənməsi kimi funksiyalarla şəhərin təhlükəsizliyi daha da artırılır.
    7.    Ağıllı sayğaclar - Bu cihazlar su, elektrik və qaz istehlakını real vaxt rejimində izləyir və məlumatları həm istehlakçılara, həm də təchizatçılara ötürür. Ağıllı sayğaclar, resursların düzgün istifadəsini təmin etməklə yanaşı, oğurluq hallarını da vaxtında aşkarlayır.
    8.    Ağıllı su idarəetməsi - Su ehtiyatlarından səmərəli istifadəni təmin edən bu sistem, şəhərlərdə su təchizatı və tullantı sularının təmizlənməsi proseslərinə nəzarət edir. Sensorlar və ağıllı su sayğacları vasitəsilə su istifadəsi ölçülür və artıq istifadə hallarını müəyyənləşdirərək idarəetməni optimallaşdırır.

Bu xidmətlər, "Ağıllı şəhər" konsepsiyasının tətbiqi ilə şəhərlərdə həyat keyfiyyətini artırır, enerji sərfiyyatını azaldır və daha çevik bir şəhər mühiti yaradılmasına kömək edir.

- "Ağıllı şəhər" sahəsində mövcud olan hansı problemləri qeyd edə bilərsiniz? Həmin problemlərin həlli yolları nələrdir?

- Ağıllı şəhərlərin qurulmasında qarşılaşılan əsas problemlərdən biri infrastrukturla bağlıdır. Havanın çirklənməsindən tutmuş yollardakı tıxacların səviyyəsinə qədər müxtəlif məlumatları toplamaq üçün sensorlar istifadə edilir. Lakin bu sensorların yerləşdirilməsi və onların saxlanılması ciddi çətinliklər yaradır. Məsələn, çoxlu sayda sensor yerləşdirilməli və bunların qida mənbəyi kimi enerji ehtiyatları ilə təmin olunması vacibdir. Bununla yanaşı, bu sensorların ölçmələri doğru təmin etməsi üçün düzgün yerləşdirilməsi də mühüm məsələdir.

Digər bir problem isə maliyyə məsələləridir. Ağıllı şəhərlərin qurulması üçün böyük miqdarda investisiya tələb olunur. Bu təkcə avadanlıqların alınması ilə bitmir; mövcud infrastrukturun saxlanması və müntəzəm olaraq yenilənməsi də xərcləri artırır. Ağıllı şəhərlərin inkişafı üçün texniki mütəxəssislərə ehtiyac var və bu, hər bir layihə üçün əhəmiyyətli maliyyə sərmayəsi tələb edir.

Şəbəkə problemləri də mühüm məsələdir. Sensorlar real vaxtda böyük miqdarda məlumat toplayır və bu məlumatların təhlil edilməsi və ötürülməsi üçün yüksək sürətli İnternet bağlantısı lazımdır. Lakin bu bağlantı çox vaxt kifayət qədər sürətli olmur və bu da sistemi ləngidə bilər. Bəzi bölgələrdə isə internetə giriş məhduddur və bu, layihənin uğurlu həyata keçirilməsi üçün ciddi çətinlik yaradır.

Təhlükəsizlik məsələləri də diqqətə layiqdir. Ağıllı şəhərlərdə çox sayda cihazın İnternetə qoşulması təhlükəsizlik məsələlərini ön plana çıxarır. Xüsusilə IoT cihazları zəif şifrələnmiş rabitə protokolları ilə bağlı risklər daşıyır. Haker hücumları, viruslar və digər təhlükələr xidmətlərin pozulmasına səbəb ola bilər. Bu səbəbdən təhlükəsizliyin təmin edilməsi və sistemlərə qarşı təhdidlərə qarşı mübarizə çox vacibdir.

Ağıllı şəhərlərin uğurla tətbiqi üçün sosial adaptasiya da mühüm rol oynayır. Yeni texnologiyalarla bağlı narahatlıqlar ola bilər və bu narahatlıqların aradan qaldırılması vacibdir. Xüsusilə, yaşlı əhali və texnologiya ilə əlaqəsi zəif olan insanlar bu yeni sistemlərə uyğunlaşmaqda çətinlik çəkə bilər. Bu səbəbdən, AŞ xidmətləri yalnız texnoloji cəhətdən bilikli vətəndaşlara deyil, bütün şəhər sakinlərinə xitab edəcək şəkildə qurulmalıdır.

Bu problemlərin həlli isə bir çox sahədə əhatəli yanaşmalar tələb edir. Həm texnoloji həllər, həm də sosial adaptasiya, təhlükəsizlik tədbirləri və iqtisadi strategiyalar arasında tarazlıq təmin edilməlidir. Ağıllı şəhərlər bu çətinliklərə baxmayaraq, inkişaf etmiş texnologiyalarla həyat keyfiyyətini artırmaq və şəhər idarəçiliyini daha effektiv etmək məqsədilə böyük potensiala malikdir. 

olaylar.az