AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AzTv-nin “Hədəf” proqramında çıxış edib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətini önə çəkən alim cari ildə bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilən qərarı ölkəmizdə Prezident İlham Əliyev tərəfindən yaşıl cəmiyyətin formalaşması istiqamətində həyata keçirilən siyasətin real nəticəsi kimi qiymətləndirib.
Akademik R.Əliquliyev yaşıl və rəqəmsal transformasiyaların elmi-nəzəri problemlərinin, eyni zamanda qlobal istiləşmə, ekologiyanın çirklənməsi və bütün dünyanı düşündürən digər ciddi problemlərin həllində alim və mütəxəssislərin rolundan danışıb. Azərbaycanda sağlam ətraf mühitin və yaşıl cəmiyyətin formalaşdırılmasının, eləcə də yaşıl iqtisadiyyatın inkişaf etdirilməsinin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti müxtəlif elm sahələri üzrə fəaliyytə göstərən alim və mütəxəssisləri öz səylərini birləşdirməyə, qarşıda duran vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə çağırıb. Alim müasir dövrdə ölkəmizdə karbon emissiyasını azaltmaq üçün çox mühüm layihələrin həyata keçirildiyini, alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinə xüsusi yer verildiyini də diqqətə çatdırıb.
Proqramda həmçinin iqtisadçı ekspert, i.e.n., dos. Emin Qəribli və siyasi şərhçi Anar Əliyev çıxış edərək COP29 tədbiri, əsas hədəflər və perspektivlərə dair fikrilərini bölüşüblər, onlara ünvanlanan sualları cavablandırıblar.