Koreyada ilk üçölçülü nano-printer hazırlanıb

29 Dekabr 2014 - 12:00 | Texnoloji yeniliklər
Koreyada ilk üçölçülü nano-printer hazırlanıb

Koreya Elektrotexnologiya Elmi-tədqiqat İnstitutunun mütəxəssisləri (Korea Electrotechnology Research Institute - KERI) dünyada qrafen və bir çox digər materiallardan nanoelementlərin istehsalını təmin edə bilən ilk üçölçülü çap texnologiyasının hazırlandığını elan ediblər.

dailytechinfo.org saytının məlumatına görə, bu texnologiya miniatür elektronika və hər növ elastik qurğuların istehsalında inqilabi çevriliş edə biləcək.

“Bizim üçölçülü nanoçap texnologiyamız metallar, plastik kütlələr və qrafen də daxil olmaqla, müxtəlif materiallardan həcmli obyektlər hazırlamağa imkan verir. Bu texnologiyanın mövcud texnologiyalardan əsas fərqi digərlərinin əksər hallarda yalnız plastmasla işləyə bilməsindədir” - bu sözləri KERI İnstitutunun Hibrid Nanotexnologiya Tədqiqatları Mərkəzinin (Nano Hybrid Technology Research Center) aparıcı tədqiqatçısı Seul Seunq-kuon söyləyib.

Koreya tədqiqatçılarının hazırladığı təcrübəli üçölçülü nanoçap nümunəsi son dərəcə yüksək dəqiqliklə mikroskopik ekstruderinin yerdəyişməsinə imkan verir.

Printerin işi zamanı çap prosesinə yüksək həlletmə qabiliyyəti olan videosistemin köməyi ilə nəzarət edilir. Bunun nəticəsində printer obyektləri nanometr dəqiqliyi ilə hazırlaya bilir.

Yüksək elektrik keçiriciliyinə malik olan plastmas, şüşə, qrafen və metalların çap materialı kimi istifadəsi bu texnologiyanın köməyi ilə həm ayrı elementlər və komponentləri, həm də elektron qurğuları bütövlükdə hazırlamağa imkan verəcək.

Tədqiqatçılar artıq patent şəhadətnaməsinin əldə olunmasının son mərhələsi olan patent sifarişi üçün müraciət ediblər. Lakin onların sözlərinə görə, yeni texnologiyanı sənaye səviyyəsinə çatdırmaq üçün iki-üç il vaxt tələb olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.