“Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” mövzusunda elmi seminar keçirilib

01 Noyabr 2024 - 16:07 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Müasir elektron kitabxanalarda yaşıl və rəqəmsal transformasiyalar” mövzusunda məruzə dinlənilib.

Mövzu üzrə çıxış edən Elmi informasiya və elmmetriya şöbəsinin əməkdaşı Dilbər Əlizadə yaşıl texnologiyaların elektron kitabxanalara tətbiqi, yaşıl elektron kitabxananın formalaşdırılması, eləcə də yaşıl elektron kitabxana üçün dayanıqlı platformanın yaradılması haqqında məlumat verib.

Sonra məruzəçi qeyd edib ki, yaşıl texnologiya ətraf mühitimizi qoruyan ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin inkişafı üçün elm və texnologiyanın birgə istifadəsidir. Bildirib ki, yaşıl və rəqəmsal transformasiyalar elektron kitabxanalarda davamlılığı artırır, elektron kitabxanaya girişi və istifadəçilər arasında əlaqələri yaxşılaşdırır. D.Əlizadə yaşıl elektron kitabxana üçün dayanıqlı platformanın yaradılmasının vacibliyini qeyd edərək, bunun üçün yaşıl sertifikatlı bulud xidmətləri, enerjiyə qənaət edən hostinq provayderləri, inteqrasiya edilmiş kitabxana və kontent idarə sistemləri, eləcə də rəqəmsal saxlama proqramından istifadənin zəruri olduğunu diqqətə çatdırıb.

Daha sonra o, bildirib ki, yaşıl rəqəmsal kitabxananın qurulması bir neçə mərhələni əhatə edir ki, bu addımları prioritetləşdirməklə ətraf mühitin sağlamlığının qorunmasına töhfə verə biləcək rəqəmsal kitabxana yaratmaq mümkündür.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.