İnstitutun doktorantının tədqiqat işi nüfuzlu “Elsevier” nəşriyyatına daxil olan jurnalda çap olunub

17 Sentyabr 2024 - 13:00 | Mühüm hadisələr
İnstitutun doktorantının tədqiqat işi nüfuzlu “Elsevier” nəşriyyatına daxil olan jurnalda çap olunub

İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Orxan Vəlixanlının müəllifi olduğu “Çəkili maşın öyrənməsinə əsaslanan süni intellektdən istifadə edərək PUA şəbəkələrində xidmətdən imtina hücumlarının aşkarlanması” (UAV networks DoS attacks detection using artificial intelligence based on weighted machine learning) adlı məqalə “Elsevier” nəşriyyatında dərc olunan “Results in Control and Optimization” jurnalında çap olunub.

Məqalədə qeyd olunur ki, son zamanlar Pilotsuz Uçuş Aparatlarını (PUA) müxtəlif növ kiberhücumlar hədəf alır. Bu kiberhücumlardan biri də PUA-ların şəbəkəsinə edilən xidmətdən imtinadır. Xidmətdən imtina kiberhücumlarının vaxtında aşkarlanmaması isə PUA-lar ilə olan əlaqənin itməsinə və onların qəzaya uğramasına səbəb ola bilər.

Təqdim edilən məqalədə PUA-ları hədəf alan müxtəlif növ xidmətdən imtina kiberhücumlarının aşkarlanması üçün yeni yanaşma təklif olunub. Bu yanaşma hibrid tipli olub ansambl əsaslı və qərar ağacı alqoritmlərindən istifadə edir. PUA-ların bir çox sistemlə müqayisədə resurslarının (prosessorun sürəti, əməli yaddaşın həcmi və s.) məhdud olduğunu nəzərə alaraq, yeni yanaşmada modelin mürəkkəbliyinin minimuma endirilməsinə xüsusilə diqqət yetirilib. Məsələn, modelin mürəkkəbliyinin azaldılması üçün cəmi 5 xüsusiyyətin istifadə edilməsinə baxmayaraq, modelin aşkarlama dəqiqliyi olduqca yüksək (99.51%) olub.

Qeyd edək ki, “Results in Control and Optimization” jurnalı “Scopus” və “Web of Science” bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.