İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Təhmasib Fətəliyev və Nərgiz Verdiyevanın həmmüəllifi olduqları “Elm və təhsilin innovativ mühitində e-demoqrafiya sisteminin qurulması problemlərinin tədqiqi” mövzusunda məruzə Ukraynada hibrid formatda keçirilmiş “Təhsil, elm və istehsalatda informasiya texnologiyaları” (ITEST-2024) VII beynəlxalq elmi-praktik konfransında təqdim olunub.
ITEST-2024-ün əsas məqsədi informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində tədqiqatları stimullaşdırmaq, tədqiqat, ali təhsil, iqtisadiyyat, səhiyyə və texnologiya sahələrində yeni yaranan İKT trendlərini təqdim etmək, bu sahədə elmi bilik və praktiki nailiyyətlərin mübadiləsini təşviq etmək, müxtəlif ölkələrin universitetləri və elmi müəssisələri arasında daha sıx əlaqələr yaratmaq, gəncləri elmi tədqiqatlara həvəsləndirməkdən ibarət olub.
Konfransda təqdim olunan məruzələr iqtisadiyyatda, sənayedə, tibb, elmi və akademik müəssisələrin idarə edilməsində informasiya texnologiyaları və sistemlərinin tətbiqi, fiziki və kimyəvi proseslərin kompüter modelləşdirilməsi, İT mütəxəssislərin təhsili və rast gəlinən problemlər, yerli və qlobal şəbəkələr, süni intellekt və s. ilə bağlı biliklərin təmin edilməsi, ali təhsildə və elmdə İKT, internet və süni intellektin rolunun analizi kimi aktual elmi problemlərə həsr olunub.
Tədbirdə T.Fətəliyev və N.Verdiyevanın həmmüəllif olduqları məruzəni N.Verdiyeva təqdim edərək bildirib ki, tədqiqat işində Industry 4.0 platformasında elm və təhsilin inteqrasiyası kontekstində demoqrafik məlumatlara malik e-resurslar əsasında e-demoqrafiya sistemlərinin yaradılması istiqamətində tədqiqatların aparılması və belə bir sistemin qurulması üçün arxitektur prinsiplərinin işlənib hazırlanması təklif olunmuşdur. Həmçinin elm və təhsil e-demoqrafiya sisteminin konseptual modeli təklif edilmişdir.
N.Verdiyevanın sözlərinə görə, sistemin köməyi ilə elm və təhsilin inteqrasiyası mühitində demoqrafik prosesləri izləmək və təhlil etmək, problemləri müəyyən etmək, potensial həll yollarını təklif etmək, insan resurslarını və digər imkanları proqnozlaşdırmaq mümkündür.
Qeyd edək ki, Ukrayna və dünyanın bir sıra ölkələrdən 144 tezisin təqdim olunduğu konfransda 7 bölmə üzrə iki plenar iclasda 71 məruzə dinlənilib. Məqalələrin tam versiyası “Scopus” elmi bazasında çap olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.