Bərpaolunan enerji – təbiətdən cəmiyyətə bol və saf güc axını

04 İyul 2024 - 14:31 | Müsahibələr, çıxışlar
Bərpaolunan enerji – təbiətdən cəmiyyətə bol və saf güc axını

Hazırkı dövr həm qlobal, həm də milli-regional səviyyədə cəmiyyətin, iqtisadiyyatın, sosial-mədəni sferaların “yaşıl” transformasiyaları ilə xarakterizə olunur. Ona görə də müvafiq dövlət idarəetmə orqanlarının mühüm vəzifələrindən biri də “yaşıl” transformasiyalara və ya iqtisadiyyatın yaşıllaşdırılmasına keçidin mərhələlərini, səbəblərini və vəzifələrini daha dəqiq müəyyənləşdirərək cəmiyyət üzvlərini məlumatlandırmaqdır.

Artıq davamlı və insan potensialına əsaslanan cəmiyyətin və iqtisadiyyatın inkişaf istiqamətində yeni tendensiya­lar və yeni çağırışlar əmələ gəlmişdir. Bunlar rəqəmsal və “yaşıl” transforma­siyalar fonunda insanların yeni “yaşıl” innovativ davranışı kimi də səciyyələn­dirilə bilər. Belə bir şəraitdə formalaşan “yaşıl” cəmiyyət, iqtisadiyyat və istehsal dedikdə, ilk növbədə, təbiətin qanunlarını nəzərə alan, ətraf mühitə heç bir mənfi təsir göstərməyən və təbii ehtiyatlardan səmərəli və yüksək qənaətlə istifadə edən insanın sənaye və kənd təsərrüfa­tındakı fəaliyyəti nəzərdə tutulur. Bu mər­hələdə “yaşıl” bilik və bacarıqlar xüsusi əhəmiyyət daşıyır. Gələcək əmək bazarı üçün hazırlanan mütəxəssislər də həm peşəkar, həm də vətəndaş kimi bu çağı­rışlara cavab verməlidirlər. 

Yer kürəsinin uzunmüddətli inkişafı­nın təmin edilməsi insanın iqtisadi fəaliy­yətində və həyat tərzində yeni “yaşıl” pri­oritetlərin formalaşmasını tələb edir. Ona görə də dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycan iqtisadiyyatı və cəmiy­yəti paralel olaraq həm postsənaye iqti­sadiyyatının “yaşıllaşdırılması” texnologi­yalarından ən səmərəli formada istifadə etməklə qeyri-neft sektorunun inkişafına nail olmalı, həm də ən müasir texnologi­yaları izləmək və tətbiq etməklə informa­siya cəmiyyəti iqtisadiyyatının özünün də yaşıllaşdırılmasına nail olmalıdır. Ümumi halda “yaşıl” iqtisadiyyatın bəzi mənfi tərəfləri olsa da, onun üstünlükləri çatış­mayan tərəflərindən daha çoxdur. Buna görə də “yaşıl” iqtisadiyyata davamlı inki­şafa aparan alternativsiz yol kimi baxmaq lazımdır.

Məlum olduğu kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ət­raf mühit və yaşıl artım ölkəsi” kimi müəy­yən edilmişdir. Həm müasir dövr, həm də yaxın və uzaq gələcək üçün çox böyük əhəmiyyətə malik olan bu prioritetə uy­ğun olaraq ətraf mühitin sağlamlaşdırıl­ması, yaşıllıqların bərpası və artırılması, eləcə də su ehtiyatlarından, dayanıqlı və alternativ enerji mənbələrindən, təbii və material resurslarından səmərəli istifadə­nin təmin edilməsi və s. ölkə qarşısında həllini gözləyən təxirəsalınmaz tədbirlər­dəndir. 

Yeri gəlmişkən, hazırda ölkəmizdə mükəmməl ekoloji siyasətin yürüdülmə­si üçün əlverişli zəmin var. Ümumdünya Rio+20 və Yohannesburq sammitlərinin qərarlarına uyğun olaraq Azərbaycan ekoloji siyasətin və qanunvericiliyin tək­milləşdirilməsini həyata keçirir. Ekoloji tədbirlər sırasına dövlət proqramları­nın və qanunların qəbul edilməsi, yeni idarəçilik prinsiplərinin tətbiqi, milli park şəbəkələrinin genişləndirilməsi, insanla­rın su ilə təminatının daha da yaxşılaş­dırılması, tullantıların idarə olunması və ətraf mühitin qorunması kimi vacib işlər daxildir. 

Rəsmi dövlət sənədlərinin təhlilindən göründüyü kimi, ətraf mühitin “yaşıllaşdı­rılmasında”, ekoloji balansın bərpasında, “yaşıl” texnologiyaların işlənilməsində və tətbiqində əsas rollardan biri İKT sektoru­nun inkişaf etdirilməsidir. Odur ki, ölkənin milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində İKT sektorunun 2025-ci ilədək və sonrakı dövr üçün uzunmüd­dətli inkişafı nəzərdə tutulmuşdur. İKT sferasına uzunmüddətli baxışın mahiy­yəti bu sektorda innovasiyayönümlü is­lahatları davam etdirmək, müasir xidmət­lərin çeşidini və həcmini artırmaq, sürətli genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək, telekommunikasiya sektorunda mühüm beynəlxalq tələblərə cavab verən standartların tətbiqini təmin etmək yolu ilə ölkənin “yaşıl” inkişafına, cəmiyyətin ekoloji-texniki savadlılıq sə­viyyəsinin yüksəldilməsinə və ümumən “yaşıl” rəqəmsal iqtisadiyyatın formalaş­masına nail olmaqdır.

İnformasiya cəmiyyətinin yaranması və onun “yaşıllaşdırılması” əlavə inno­vasiyalı hədəflər müəyyən edəcək. Star­tapların və innovasiyalı müəssisələrin “yaşıl” inkişafını stimullaşdırmaq məqsə­dilə klasterlər və yüksək texnologiyalar parkları yaradılacaq. Bu işdə dövlətin və digər maraqlı tərəflərin müvafiq investisi­ya qoyuluşları əsas dəstəkverici qüvvə rolunu oynayacaq. Belə parklara və inno­vasiya mərkəzlərinə innovasiyaya təkan verən startapları daha çox cəlb etmək üçün onların geniş əhatə dairəsində tət­biqi reallaşdırılacaq. Bu yanaşma həmin parklarda olan müəssisələrin Azərbay­canın “yaşıl” və rəqəmsal iqtisadiyyata keçidi üçün əsas hərəkətverici qüvvə olmasına şərait yaradacaq. Beləliklə, ekoloji-texnoloji savadlılıq, yüksək “yaşıl” texnologiya vasitələrinin tətbiqində artım və keyfiyyətli genişzolaqlı şəbəkəyə çıxış nəticəsində ümumi “yaşıl” ətraf mühitin, “yaşıl” dünyanın, əlverişli “yaşıl” biznes mühitinin inkişafına nail olunacaq.

Bu cür “yaşıl” yönümlü yanaşma sektor üzrə uzunmüddətli perspektivdə, həm də İKT sahəsində regionda lider ölkəyə çevrilmək, güclü potensialı olan İKT sənayesi, cəmiyyətin ekoloji tələba­tını da təmin edən telekommunikasiya infrastrukturu yaratmaq, təhsil sistemin­də “yaşıl” rəqəmsal texnologiya yönüm­lü strukturlaşmanın, o cümlədən “yaşıl” rəqəmsal iqtisadiyyatın daha da inkişa­fına şərait yaratmaq, ölkənin sosial-eko­loji-iqtisadi inkişafına təkan vermək və əhaliyə göstərilən elektron xidmətlərin daha geniş tətbiqinə nail olmaq əsas və­zifələrdəndir.

Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılma­sı, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Məişət və bərk tullantıların, həmçinin elektron tullantıların təkrar isti­fadə və emalına ciddi diqqət yetirilməlidir. Bu prioritetlər daxilində strateji dövrdə həm yüksək keyfiyyətli ekoloji mühitin formalaşmasına, həm də “yaşıl enerji” məkanının yaradılmasına və onların ef­fektiv reallaşdırılmasına nail olunmalıdır.

Ölkədə, həmçinin keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı in­kişaf diqqət mərkəzində olmalıdır. Gələ­cəkdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə dəyə bilən risklər azaldılma­lıdır. Bu məqsədlə ölkədə ümumi yaşıl­lıqların payı artırılmalıdır. Eyni zamanda, iqtisadi artımla ekoloji mühit tarazlı inki­şafda olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə möv­cud resurslar bərpa edilməlidir. Əhalinin keyfiyyətli suya tələbatı, ilk növbədə, su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.

İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxım­dan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpao­lunan enerji mənbələrinin ilkin istehlakda payı artırılılmalı və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Bununla yanaşı, eko­loji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havası­nın keyfiyyətinə müsbət təsir göstərəcək.

Göründüyü kimi, yeni iqtisadi şəraitdə rəqəmsal və “yaşıl” iqtisadiyyatın üstün­lükləri və faydaları çoxdur. Buna görə də rəqəmsal “yaşıl” iqtisadiyyata informasi­ya və bilik iqtisadiyyatının yeni mərhələsi kimi davamlı inkişafa aparan alternativsiz yol kimi baxmaq və ümumən həm cəmiy­yətin, həm də iqtisadiyyatın rəqəmsal və “yaşıl” transformasiyasına nail olmaq la­zımdır.

Əlövsət ƏLİYEV, ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

Xalq qəzeti