İnformasiya Texnologiyaları İnstitutunda “PUA-lara olan GPS əngəlləmə kiberhücumunun aşkarlanması üsulunun işlənməsi” mövzusunun müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib.
Mövzu üzrə çıxış edən institutun doktorantı Orxan Vəlixanlı öncə PUA naviqasiya sistemini hədəf alan kiberhücumlar haqqında məlumat verib. Qeyd edib ki, bu hücumlar GPS spufinq, GPS təkrarlaması və GPS əngəlləməsi kimi qruplaşdırılır. “GPS spufinq hücumu daha güclü, lakin saxta siqnalın generasiya olunaraq qəbuledicinin idarəetməsinin ələ keçirilməsidir. GPS təkrarlaması hücumu – GPS peyki tərəfindən ötürülən siqnalda olduğu kimi bir məkanda qeydə alındıqdan sonra başqa bir məkanda yenidən ötürülməsidir. GPS əngəlləməsi hücumu zamanı isə xüsusi radioötürücülər vasitəsilə küy siqnalları generasiya olunur. Küy siqnalları GPS peyki tərəfindən ötürülən siqnallara müdaxilə edərək onların qəbul olunmasının qarşısını alır”, – deyə məruzəçi sözlərinə əlavə edib.
GPS əngəlləməsi kiberhücumlarının aşkarlanması metodlarından da söz açan O.Vəlixanlı bunlara siqnalın keyfiyyətinin monitorinqi, siqnalın emalı metodları, siqnalın gəliş istiqamətinin monitorinqi, həmçinin maşın təlimi metodlarının aid olduğunu nəzərə çatdırıb.
Tədqiqatçı təklif olunan yanaşma, istifadə olunan verilənlər bazası, məlumatların emalı prosesi, aparılmış təcrübələr və alınmış nəticələr haqqında da ətraflı məlumat verib.
Daha sonra təqdim olunan mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək PUA-lara olan GPS əngəlləmə kiberhücumunun aşkarlanmasına dair aparılan tədqiqatları və əldə olunan nəticələri yüksək qiymətləndirilib, mövzuya dair məqalənin hazırlanması və nüfuzlu beynəlxalq jurnalda nəşr olunmasına dair təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.