Heydər Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılmasında rolu ilə bağlı məruzə dinlənilib

13 İyun 2024 - 11:41 | Konfranslar, İclaslar
Heydər Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılmasında rolu ilə bağlı məruzə dinlənilib

İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Gülnar Paşayeva institutun elmi seminarında “Heydər Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılmasında rolu” mövzusunda məruzə ilə çıxış edib.

O, Ulu Öndər Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi illərdə Azərbaycandakı vəziyyət barədə məlumat verib, o dövrdə ölkəmizdə sosial-iqtisadi və elmi-texnoloji sahədə inkişafın zəif olduğunu qeyd edib. Bildirib ki, həmin illərdə SSRİ Elmlər Akademiyasının prezidenti, Mstislav Keldış Azərbaycana gələrək Heydər Əliyev ilə görüşmüş, bundan sonra Elmlər Akademiyasının Kibernetika İnstitutuna БЭСМ (Большая электронно-счётная машина, Böyük elektron hesablama maşını) verilmişdir. Bununla da Azərbaycanda, avtomatika, proqramlaşdırma, kibernetika və s. sahələrdə ixtisaslı kadrların yetişdirilməsinə başlanılmışdır.

Tədqiqatçı sonra Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu illərdə Azərbaycanda informatikanın inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən mühüm tədbirlər və kadr hazırlığı haqqında məlumat verib. Ulu Öndərin təşəbbüsü ilə istedadlı gənclərin SSRİ-nin tanınmış elm və təhsil mərkəzlərində təcrübə keçdiklərini deyib. Nəzərə çatdırıb ki, Kibernetika İnstitutunun nəzdində Avtomatlaşdırılımış İdarəetmə Sistemləri şöbəsi və Azərbaycan Dövlət Universitetində Tətbiqi riyaziyyat fakültəsinin yaradılması ilə ali məktəblərdə İKT ixtisasları üzrə mütəxəssislərin hazırlanmasına başlanılmışdır.

O, 70-ci illərdə Heydər Əliyevin birbaşa dəstəyilə respublikamızda elektrotexnika, radio-cihazqayırma sənayesinin əsasının qoyulduğunu, “Peyk”, “Ulduz” kimi nəhəng istehsalat komplekslərinin yaradıldığını qeyd edib.

G.Paşayeva Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu dövrdə İKT-nin inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında da məlumat verib. Ölkəmizdə ilk İnternet qovşağının, veb-saytın, beynəlxalq telefon stansiyasının yaradılması, mobil rabitənin əsasının qoyulmasına dair tarixi faktları diqqətə çatdırıb.

Müstəqil Azərbaycanda İKT, informasiya təhlükəsizliyi və elektron dövlətin formalaşdırılması sahəsində atılan addımlar barədə məlumat verən məruzəçi Ulu Öndər Heydər Əliyevin müvafiq istiqamətlərdə qəbul etdiyi fərman və sərəncamları diqqətə çatdırıb. 17 fevral 2003-cü ildə H.Əliyevin imzaladığı “Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında”  Sərəncamın ölkəmizdə informasiya cəmiyyətinin hüquqi əsaslarının yaradılması və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.