İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclası keçirildi. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev iclasda institutun struktur bölmələrinin 2024-cü il üzrə yarımillik hesabatlarının keçirilməsinə hazırlıq, tapşırıqların icra vəziyyəti, institutda doktorantura və dissertanturaya qəbul, institutun həmtəşkilatçılığı ilə keçirilmiş və keçirilməsi nəzərdə tutulan konfranslar, eləcə də digər məsələlər ətrafında müzakirələrin aparılacağını diqqətə çatdırdı.
Daha sonra şöbələrdə müxtəlif aktual problemlərə həsr olunmuş məqalələrin nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyətinə dair fikir mübadiləsi aparıldı.
Cari il üzrə yarımillik hesabatlarının keçirilməsinə hazırlıq işləri ilə bağlı məlumat verən akademik R.Əliquliyev bildirdi ki, rəqabətədavamlı tədqiqatların aparılması, əldə olunan nəticələrin nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli, impakt faktorlu jurnallarda çap olunması, eləcə də kadr potensialının gücləndirilməsi hər bir şöbənin əsas hədəflərinə çevrilməlidir. İnstitut direktoru hər bir əməkdaşı institutun elmi potensialının daha da gücləndirilməsi istiqamətində öz səylərini birləşdirməyə, qarşıya qoyulan vəzifələrə məsuliyyətlə yanaşmağa və məqsədyönlü fəaliyyət göstərməyə çağırdı.
Akademik qeyd etdi ki, institutun struktur bölmələrinə 2024-cü ilin birinci yarısı üzrə ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. üzrə hesabatların hazırlanması tapşırılıb.
Hesabatların yüksək səviyyədə təşkili və qiymətləndirilməsinin zəruriliyini vurğulayan alim hər bir struktur bölmədə görülmüş işlərə dair müzakirələrin aparılmasının, institutun hər bir əməkdaşının bu prosesdə yaxından iştirak etməsinin vacib olduğunu qeyd etdi.
İnstitutun həmtəşkilatçılığı ilə keçirilmiş konfranslardan bəhs edən akademik cari ildə təşkil olunmuş “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” mövzusunda beynəlxalq konfransı, “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) mövzusunda II beynəlxalq konfransı, o cümlədən “International Symposium on Unmanned Systems: AI, Design and Efficiency” (ISUDEF24) barədə məlumat verdi.
Alim həmçinin 2024-cü ildə keçirilməsi nəzərdə tutulan konfransları diqqətə çatdıraraq, “Riyaziyyat və mexanikanın müasir problemləri” XI beynəlxalq elmi konfransının, cari ilin oktyabr ayında “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirlərin pozitiv və neqativ aspektləri” respublika elmi konfransının və “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” II beynəlxalq konfransının keçirilməsinin planlaşdırıldığını bildirdi.
Elmi şuranın iclasında institutun əməkdaşlarının istiqamətlər üzrə ekspres-informasiyalarının yenilənməsi, institutun “Problems of Information Technology” və “Problems of Information Society” jurnallarının fəaliyyəti, əməkdaşların dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirakla bağlı elmi ezamiyyətləri və digər məsələlərə dair müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olundu.
Tədbirdə həmçinin bir sıra cari məsələlərə baxıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.