Kiber-fiziki sistem komponentlərinin funksional boşluqlarının kritikliyini qiymətləndirmək üçün yanaşma işlənilib

17 May 2024 - 10:54 | Yeni nəşrlər

İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “KFS komponentlərinin funksional boşluqlarının kritikliyini qiymətləndirmək üçün bir yanaşma” (“An approach for assessing the functional vulnerabilities criticality of CPS components”, DOI: https://doi.org/10.1016/j.csa.2024.100058) adlı məqalə nüfuzlu “Cyber Security and Applications” jurnalında dərc olunmuşdur.

Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatdır.

Tədqiqat işində çoxmeyarlı qərar qəbuletmə metoduna əsaslanaraq kiber-fiziki sistem (KFS) komponentlərinin boşluqlarının kritikliyini qiymətləndirmək üçün kəmiyyət metodu təklif edilmişdir. Çoxkriteriyalı qərar qəbuletmə metodu Promethee II nəzərdən keçirilən sistemin ən kritik boşluqlarını ranqlaşdırmağa və müəyyən etməyə imkan vermişdir. Metod OT və kiber-fiziki sistemin digər funksional elementlərinə kiberhücumların müxtəlif ssenarilərinin modelləşdirilməsinə yönəlmişdir. KFS sistemi kimi boru kəməri ilə təbii qazın nəqli nümunəsindən istifadə edərək təhlükə modeli təqdim edilmişdir. TOPSIS, VIKOR və ELECTRE kimi tanınmış çoxmeyarlı qərar qəbuletmə metodları ilə müqayisəli təhlil təklif olunan yanaşmanın effektivliyini sübut etmişdir.

Qeyd edək ki, “Cyber Security and Applications” jurnalı “Scopus”, “EBSCOhost” və “DBLP” beynəlxalq elmi bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.