İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Virtual maşınların yaradılmasında "Windows Sandbox" texnologiyasının tətbiqi və rolu” mövzusunda məruzə dinlənilib.
Məruzəni təqdim edən institutun əməkdaşı Kamran Cəfərzadə qeyd edib ki, “Windows Sandbox” proqramları təcrid olunmuş vəziyyətdə təhlükəsiz idarə etmək üçün istifadə olunur. “Windows Sandbox” mühitində quraşdırılmış proqram təminatı sistemin qalan hissəsindən təcrid olunaraq əsas kompüterdən asılı olmayaraq işləyir.
Sonra məruzəçi “Windows Sandbox”da yaddaşın idarə olunması məsələsindən bəhs edib. Bildirib ki, ənənəvi virtual maşınlar şəbəkə yaddaşını statik ölçüyə görə bölüşdürürlər. Resurs ehtiyacları dəyişdikdə isə klassik virtual maşınların resurs ehtiyaclarını tənzimləmək üçün məhdud mexanizmlərdən istifadə edilir.
O, proqramın əsas xüsusiyyətlərini də diqqətə çatdırıb: “Windows Sandbox” işə salındıqda hər zaman Windows sisteminin yeni nümunəsi yaradılır. Cihazda heç bir məlumat saxlanılmır, yəni istifadəçi tətbiqi bağlayan zaman bütün məlumatlar silinir. Nüvənin təcrid edilməsində “hardware” əsaslı virtualizasiyadan istifadə olunur”.
K.Cəfərzadə proqramın çatışmazlıqları barədə də məlumat verib. Bildirib ki, buraya müəyyən resurs tələbləri, məhdud funksiyalar, şəbəkə məhdudiyyətləri, məlumat itkisi, uyğunsuzluq və s. aiddir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov aparılan tədqiqatlara dair təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.