Aprelin 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnformasiya texnologiyaları və onların tətbiqi” (2th International Conference on Information Technologies and Their Applications, ITTA 2024) mövzusunda II beynəlxalq konfrans öz işinə başlayıb.
Hibrid formatda keçirilən tədbirin təşkilatçıları AR Elm və Təhsil Nazirliyi, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M. Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutudur.
Konfrasın açılış mərasimində çıxış edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsilin inteqrasiyasının təmin edilməsi, universitetlərin elmi potensialının gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin icrası ilə əlaqədar rəhbərlik etdiyi universitetdə görülən işlərdən bəhs edib. Prof. G.Məmmədova bu istiqamətdə elmi-tədqiqat institutları ilə əlaqələrin gücləndirildiyini, birgə tədqiqatların aparıldığını və digər tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Rektor müasir dövrdə informasiya texnologiyalarının aktuallıq kəsb edən sahələrdən olduğunu qeyd edərək, ildən-ilə bu istiqamətin həyatın bütün sahələrində geniş tətbiq olunduğunu bildirib. O, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş, Azərbaycanın inkişafı ilə bağlı dövlət əhəmiyyətli sənədlərdə bu sahəyə böyük diqqət ayrıldığını və çoxsaylı tədbirlərin həyata keçirildiyini deyib: “Aparılan işlərin nəticəsidir ki, son illərdə ölkəmizdə informasiya texnologiyalarının yüksək templə inkişafının şahidi oluruq”.
O, dünyanın 26 ölkəsindən alim və mütəxəssislərin iştirak etdiyi və böyük elmi maraq doğuran konfransda ümumilikdə 109 məruzənin dinləniləcəyini vurğulayıb. Eyni zamanda tədbirə təqdim olunan məqalələrin nüfuzlu “Springer” elmi bazasında nəşrinin nəzərə tutulduğunu bildirib.
AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov çıxış edərək konfransa təqdim olunmuş məruzələrin aktuallığından bəhs edib, xüsusən informasiya texnologiyaları, rəqəmsal sistemlər və süni intellektin təbii fəlakətlər zamanı tətbiqi istiqamətində aparılan tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Akademik A.Həşimov konfransın əhatə etdiyi mövzuları yüksək qiymətləndirib, tədbir iştirakçılarına rəqəmsal yaradıcılıqlarında uğurlar arzu edib.
Daha sonra rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin rəqəmsallaşması baxımından bu kimi mötəbər konfransların önəmini qeyd edib. Nazir müavini ölkəmizdə rəqəmsal transformasiyalara nail olunmasında və innovativ cəmiyyətin qurulmasında təhsil və elmin xüsusi rola malik olduğunu qeyd edib, rəqəmsallaşma prosesində kadr potensialının gücləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
O, rəqəmsallaşma proseslərinin sürətlənməsi ilə kibertəhlükəsizlik problemlərinə də diqqətin artırılmasının vacibliyindən danışıb. S.Məmmədov bu istiqamətdə Nazirlik tərəfindən görülmüş işlərdən bəhs edərək İsrail universiteti ilə birgə Kibertəhlükəsizlik Mərkəzinin yaradıldığını qeyd edib. O, ölkənin rəqəmsallaşmasında əhəmiyyətli rola malik olan infrasrukturun yaradılması istiqamətində də mühüm işlərin görüldüyünü, son 3 il ərzində fiber-optik şəbəkə quruculuğunun tamamlandığını deyib. Nazir müavini dövlət qurumlarında rəqəmsal sənəd dövriyyəsi sisteminin tətbiq olunduğunu da diqqətə çatdırıb.
Açılış mərasimində həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, akademik Misir Mərdanov və Özbəkistan Milli Universitetinin professoru İbrahim Normatov çıxış edərək tədbirin informasiya texnologiyalarının müxtəlif sahələrdə tətbiqi istiqamətində aparılan tədqiqatların nəticələrinin müzakirəsi və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından önəmini qeyd ediblər, konfransın işinə uğurlar arzulayıblar.
Daha sonra konfrans işini plenar iclasla davam etdirib. Plenar iclasda akademik Telman Əliyev və Avstraliyanın Federasiya Universitetinin professoru Adil Bağırov məruzələrlə çıxış ediblər.
Plenar iclasdan sonra “İntellektual sistemlərdə informasiya texnologiyaları”, “İnşaat, Sənaye və Mühəndislikdə İnformasiya Texnologiyaları”, “Modelləşdirmədə informasiya texnologiyaları” seksiyaları üzrə məruzələr dinlənilib.
Qeyd edək ki, 2 gün davam edəcək tədbirin seksiya iclaslarında İnformasiya Texnologiyaları İnstitununun əməkdaşları tərəfindən “İnternet mühitdən heterogen istifadə siyasətinin təmin olunmasının kibertəhlükəsizlik aspektləri haqqında”, “Terminoloji dinamiki proseslərin intellektual analizi üçün metodun işlənməsi”, “Hepatosellular karsinomanın diaqnozu üçün ekspert sisteminin arxitekturası və icra prinsipləri”, “Süni intellekt texnologiyaları ilə rəqəmsal iqtisadiyyatın inkişafının funksional xüsusiyyətləri və problemləri” və digər mövzular üzrə məruzələr təqdim olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.