İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “Rəqəmsal kitabxanalarda axtarış effektivliyinin təkmilləşdirilməsi üçün yeni yanaşma” (“A New Approach to Improving Search Efficiency in Digital Libraries”, DOI: https://doi.org/10.5815/ijisa) adlı məqalə “International Journal of Intelligent Systems and Applications” (IJISA) jurnalında dərc olunub.
Tədqiqatın müəllifləri institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova və institutun əməkdaşı Dilbər Əlizadədir.
Məqalədə internet texnologiyalarının inkişafının kitabxanaların fəaliyyətinə təsir edərək onların mahiyyətini dəyişməsindən bəhs olunur. Bildirilir ki, elektron kitabxanalarda toplanan informasiyanın həcminin sürətlə artması orada saxlanılan elektron materialların (mətnlər, videolar, şəkillər, səs faylları) axtarışı və əldə edilməsi üçün yeni texnologiyalardan istifadəni tələb edir. Bu gün şəbəkə texnologiyalarının və intellektual sistemlərin yeni imkanlarından istifadə, e-kitabxananın düzgün təşkili, kitabxana xidmətinin səmərəliliyinin artırılması oxucuların sayının çoxalmasına və onların məmnunluğuna səbəb olan əsas amillərdəndir.
Tədqiqat işində qeyd olunur ki, e-kitabxanaların əsas məqsədi elektron resursların səmərəli axtarışının və istifadəçilər arasında əməkdaşlığın təmin edilməsindən ibarətdir. Burada elektron resurs istifadəçilərinin əməkdaşlığı, həmçinin onların e-kitabxana resurslarının təşkilində iştirakı üçün viki texnologiyaları ilə idarə olunan açıq məlumat bazasından istifadə edilməsi məsələsinə toxunulur. Açıq verilənlər bazalarında elektron resursların effektiv axtarışı üçün klasterləşmə metodundan istifadə edilməsi təklif olunur. Təklif olunan metod intellektual kitabxanaların yaradılması üçün əhəmiyyətli hesab olunur.
Qeyd edək ki, IJISA jurnalı “Google Scholar”, “CrossRef”, “Microsof Academic Search”, IET Inspec və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir ve referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.