Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin şagirdləri İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanış olublar

23 Fevral 2024 - 12:16 | Görüşlər

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin şagirdləri İnformasiya Texnologiyaları İnstitutunda olublar.

Öncə məktəblilər institutun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzi və Data Mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar. İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AzScienceNet-in fəaliyyəti haqqında ətraflı məlumat verərək, şəbəkənin Azərbaycan elm və təhsilinin Avropa mühitinə inteqrasiyasında mühüm rola malik olduğunu vurğulayıb. O, AzScienceNet şəbəkəsinin Data Mərkəzinin fəaliyyəti və təklif etdiyi xidmətlərdən bəhs edib, burada istifadəçilərə hesablama işlərini həyata keçirən virtual maşınlar və böyük həcmli yaddaş resurslarının təklif olunduğunu bildirib. Qeyd edib ki, elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil qurumları da institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

Məktəblilər həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi, Multimedia Texnologiyaları Mərkəzi və Elektron Kitabxana Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

Daha sonra şagirdlər AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyevlə görüşüblər. Alim öncə İnformasiya Texnologiyaları İnstitutunun yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə məktəblilərə məlumat verib. İnstitutun 1971-ci ildən fəaliyyət göstərdiyini, ölkənin ilk dəfə İnternetə çıxışının 1991-ci ildə məhz bu qurumda bir qrup alim və mütəxəssis tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb. Həmçinin ölkədə ilk veb-sayt olan – science.gov.az-ın 1995-ci ildə institutun mütəxəssisləri tərəfindən yaradıldığını bildirib.

Alim qeyd edib ki, bu elmi qurum müasir çağırışlara adekvat reaksiya verərək, elm, təhsil, innovasiya və texnologiya kimi strateji sahələrdə dövlət siyasətinin həyata keçirilməsində, kibertəhlükəsizliyinin təmin olunmasında, ölkə başçısının qəbul etdiyi proqramların və bir sıra mühüm layihələrin hazırlanmasında yaxından iştirak edir. Burada süni intellekt, kiberdayanıqlılıq, Big Data, e-dövlət, e-təhsil, Əşyaların İnterneti və s. kimi aktual elmi-nəzəri və tətbiqi problemlər üzrə əsaslı elmi tədqiqatlar aparılır. Akademik institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə elmi tədqiqatlar aparıldığını, informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirildiyini də bildirib.

Sonda akademik R.Əliquliyev məktəbliləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.