Klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi və Big Data analitikası istiqamətində tədqiqatlar aparılır

23 Fervral 2024 - 11:02 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda “Klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi üçün yeni model və alqoritmlərin işlənməsi” mövzusu üzrə klasterlərin kompaktlığını, ayrılabilənliyini və optimal sayını təyin etmək üçün yeni indekslər, böyük ölçülü verilənlərin klasterləşdirilməsi üçün effektiv alqoritm işlənilir.

Bu barədə AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Elmi şuranın iclasında Big Data analitikası və Data Mining problemləri üzrə fəaliyyət göstərən şöbənin 2024-cü il üzrə fəaliyyət planının müzakirəsində məlumat verdi.

R.Alıquliyev 2024-cü ildə rəhbərlik etdiyi şöbədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” adlı qrant layihəsi çərçivəsində yerinə yetiriləcək məsələlər və nəzərdə tutulan məqalə və tezislər haqqında məlumat verdi.

Şöbə müdiri Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi “Sosial kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” qrant layihəsi çərçivəsində görüləcək işlər və dərc olunacaq elmi əsərlər haqqında da məlumat verdi. O, həmçinin pilotsuz uçuş aparatlarının hərəkətinin optimal idarəolunması zamanı proqram trayektoriyası və idarəedicinin ətrafında tənzimləyicilərin qurulması istiqamətində tədqiqatların aparılmasının planlaşdırıldığını qeyd etdi.

E-elmin formalaşması və elmmetriya problemləri ilə bağlı aparılan tədqiqat işlərindən bəhs edən R.Alıquliyev “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” və “Qeyri-müəyyən mühitlərdə intellektual idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” mövzularında dissertasiya işləri çərçivəsində nəzərdə tutulan məqalələr haqqında məlumat verdi.

Şöbə müdiri həmçinin Big Data analitikası və Data Mining problemləri üzrə “Böyük məlumatların analizi üçün dərin təlim modelləri və metodlarının işlənməsi”, “Elektron ticarətdə fırıldaqçılığın aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi”, “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin işlənməsi”, “Böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə metodları” və “E-idarəetmənin səmərəliliyinin artırılması üçün süni intellekt metodlarının işlənməsi” mövzuları üzrə aparılacaq tədqiqatları diqqətə çatdırıb. R.Alıquliyev şöbədə informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə “IoT sistemlərdə bəzi növ kiber hücumların aşkarlanması üçün dərin təlim üsullarının işlənməsi” mövzusunda araşdırmaların aparılacağını da bildirdi.

Məruzəçi qeyd etdi ki, cari ildə Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə 32 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli konfransların materiallarında 27 tezisin çapı planlaşdırılır.

O, həmçinin Avstraliya Federasiya Universiteti, Avstraliyanın Melburn Kral Texnologiya İnstitutu, Türkiyənin Ankara Universiteti, Böyük Britaniyanın Derbi Universiteti, eləcə də ABŞ-ın Lamar Universiteti ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırdı.

R.Alıquliyev əməkdaşların elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında da məlumat verdi.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev gənc tədqiqatçıların elmi fəaliyyətinin daha da gücləndirilməsi, aparılan araşdırmaların nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunmasına dair tövsiyələr verdi.

Elmi şuranın qərarı ilə şöbənin 2024-cü il üzrə fəaliyət planı qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.