Neft və qaz sənayesində bulud əsaslı SCADA sistemlərinin tətbiqi problemlərinə həsr olunmuş məqalə “Web of Science” bazasına daxil olan jurnalda nəşr olunub

22 Yanvar 2024 - 15:38 | Yeni nəşrlər

SCADA (Supervisory Control and Data Acquisition) sistemləri kritik infrastrukturun real vaxt rejimində monitorinqini, idarə edilməsini və məlumatların əldə edilməsini təmin etməklə neft-qaz sənayesində mühüm rol oynayır. Ənənəvi SCADA sistemləri çox bahalı, qeyri-çevik, miqyaslanması çətin olduğundan məlumatların toplanması, ötürülməsi və emalında çoxsaylı problemlər yaranır. Bulud əsaslı SCADA sistemləri miqyaslılığı, çevikliyi və qənaətcilliyi sayəsində bir çox üstünlüklər təklif edir. Bu üstünlüklərdən yararlana bilməsi üçün bulud əsaslı SCADA sistemlərinin neft-qaz sənayesində tətbiqi ilə bağlı bir sıra problemlərin həll edilməsi tələb olunur. 

Bu barədə Application problems of cloud-based scada systems in the oil and gas industry (“Neft və qaz sənayəsində bulud əsaslı SCADA sistemlərinin tətbiqi problemləri”) adlı məqalədə məlumat verilib. İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimovun həmmüəllifi olduqları məqalə nüfuzlu “Web of Science” bazasına daxil olan “SOCAR Proceedings” jurnalında nəşr olunub.

Məqalədə bulud əsaslı SCADA sistemlərinin təhlükəsizliyinə mane ola biləcək mövcud kiberhücumlar göstərilmişdir. Bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik tədbirlərinin görülməsi və risklərin qiymətləndirilməsi aktual məsələlərdəndir. Bu məqsədlə bulud əsaslı SCADA sistemlərinin istifadəsində meydana çıxan təhdidlər və boşluqlar analiz edilmiş və bunların müəyyən qədər həllinə komək edən təkliflər verilmişdir. Bulud əsaslı SCADA sistemlərinin təhlükəsizliyini təmin etmək üçün bəzi kibertəhlükəsizlik mexanizmləri tövsiyə edilmişdir. Bu mexanizmlər neft-qaz sənayesində bulud əsaslı SCADA sistemlərinin əməliyyatlarının etibarlılığını artırmağa və təhlükəsizliyini təmin etməyə kömək edəcək.

Qeyd edək ki, “SOCAR Proceedings” jurnalı Web of Science Emerging Sources Citation Index (Clarivate Analytics), SCOPUS  (Elsevier) və digər bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.