E-elm və e-təhsilin inteqrasiyasının elmi-metodoloji və praktiki problemləri tədqiq olunur

27 Dekabr 2023 - 14:00 | Konfranslar, İclaslar
E-elm və e-təhsilin inteqrasiyasının elmi-metodoloji və praktiki problemləri tədqiq olunur

İnformasiya Texnologiyaları İnstitutunda “E-elm və e-təhsilin inteqrasiyasının elmi-metodoloji və praktiki problemlərinin tədqiqi” mövzusu üzrə e-elm və e-təhsilin inteqrasiyası sahəsində mövcud vəziyyətin araşdırılması və xarakterik problemlərin müəyyənləşdirilməsi, eləcə də Industry 4.0 platformasında e-elm və e-təhsilin inteqrasiyasının konseptual və arxitektur-texnoloji prinsiplərinin işlənməsi ilə bağlı analitik icmal hazırlanıb, model və təkliflər işlənilib.

Bu barədə institutun Elmi şurasının onlayn iclasında e-elmin formalaşması  və  elmmetriya  problemləri üzrə fəaliyyət göstərən şöbənin 2023-cü il üzrə hesabatının müzakirəsində məlumat verilib.

Hesabatı şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev  təqdim edərək cari ildə rəhbərlik etdiyi struktur bölmədə “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə aparılan elmi tədqiqatları diqqətə çatdırıb. R.Alıquliyev mövzu üzrə elmi müəssisələrin fəaliyyətinin çoxmeyarlı qiymətləndirilməsi üçün metodun işlənildiyini vurğulayıb, elmi jurnalların və tədqiqatçıların qiymətləndirilməsi indekslərinin müasir vəziyyətinin analizi istiqamətində tədqiqatların aparıldığını deyib.

“Süni intellekt texnologiyaları əsasında vətəndaş elminin inkişafı üçün təkliflərin işlənməsi” mövzusu üzrə aparılan tədqiatlardan bəhs edən R.Alıquliyev bu istiqamətdə vətəndaş elmi layihələrində inklüziv iştirakın təmin edilməsi üçün süni intellekt texnologiyalarının tətbiq olunduğunu, süni intellekt texnologiyaları əsasında vətəndaş elminin inkişafı üçün təkliflərin işlənildiyini qeyd edib.

R.Alıquliyev hesabat dövründə aparılan tədqiqatların nəticələrinin nüfuzlu bazalara daxil olan jurnallarda öz əksini tapdığını deyib. Eyni zamanda şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislərə dair məlumat verib.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin elmi fəaliyyətinin gücləndirilməsi, aktual elmi problemləri əhatə edən tədqiqatların aparılması ilə bağlı tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin illik hesabatı qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.