AR Elm və Təhsil Nazirliyinin (ETN) İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və informatikanın inkişaf tarixi” mövzusunda elmi konfrans keçirilib.
ETN İnformasiya Texnologiyaları İnstitutu və AMEA Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev açıb. Elmi konfransın əhəmiyyətindən danışan alim dövlət başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb, bu il çərçivəsində həm AMEA-da, həm də ölkənin digər elmi müəssisə və təşkilatlarında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan çoxsaylı tədbirlərin təşkil olunduğunu, görkəmli dövlət xadiminin həyatı və zəngin fəaliyyətinin müxtəlif aspektlərdən təhlil edildiyini deyib.
Akademik bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunda da Ulu Öndər Heydər Əliyevin ötən əsrin ikinci yarısından etibarən Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informatika və onunla əlaqəli kompüter elmlərinin, İKT-nin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması, istehsal müəssisələrinin yaradılması istiqamətində gördüyü işlərlə bağlı il ərzində müxtəlif elmi-populyar materiallar hazırlanmış, müəyyən tədbirlər həyata keçirilmişdir.
AMEA-nın vitse-prezidenti Ulu Öndərin Azərbaycanda informasiya cəmiyyətinin, eləcə də informasiya-kommunikasiya sənayesinin formalaşdırılması və inkişafında rolundan bəhs edib: “Ümummilli Liderin həyata keçirdiyi fəaliyyətin tarixi nöqteyi-nəzərdən sistemli tədqiq edilməsi, bu istiqamətdə dolğun biliklərin əldə olunmasına böyük ehtiyac vardır. Artıq bu istiqamətdə İnformasiya Texnologiyaları İnstitutu və Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində tədqiqatlara başlanılıb”.
Akademik Rasim Əliquliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin əsasının qoyulması, informatika sahəsində kadrların yetişdirilməsi, ölkəmizdə kosmik sənayenin formalaşması, müvafiq sahə üzrə elm-təhsil mərkəzlərinin, istehsal müəssisələrinin yaradılması, o cümlədən elmi məktəblərin əsasının qoyulmasında əvəzsiz xidmətləri olduğunu qeyd edib. Müstəqilliyimizin ilk illərində məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycanda telekommunikasiyanın inkişafı, ölkənin qlobal elektron informasiya məkanına inteqrasiyası və İKT sənayesinin inkişafı istiqamətində əməli addımların atıldığını, müəyyən nailiyyətlərin əldə olunduğunu söyləyib.
Tədbirdə Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov “Azərbaycanda informasiyanın ötürülməsi: tarixi baxış” mövzusunda çıxış edib. Professor Kərim Şükürov müasir dövrdə informasiyanın bütün dünyada xüsusi əhəmiyyətə malik olduğunu, onun meydana gəlməsi, əldə olunması, emalı və ötürülməsi ilə bağlı kompleks araşdırmaların aparılmasının vacib olduğunu bildirib. Azərbaycanda informasiya cəmiyyətinin tarixi ilə bağlı tədqiqatların böyük aktuallıq kəsb etdiyini, Tarix İnstitutunun bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.
Professor Kərim Şükürov hər bir elmin öyrənilməsində informasiyadan düzgün istifadənin, eləcə də informasiyanın tarixinin araşdırılmasının zəruriliyini önə çəkib. İnformasiya Texnologiyaları İnstitutu ilə birgə bu istiqamətdə multidissiplinar tədqiqatların aparılmasının, yeni elmi baxışların ortaya qoyulmasının məqsədəuyğun olduğunu deyib: “Bu gün Azərbaycanda müasir çağırışlara, dünya elminin tələblərinə cavab verən yüksəkixtisaslı tarixçi kadrların hazırlanması, aktual elmi problemləri əhatə edən araşdırmaların aparılması qarşıya qoyulan mühüm vəzifələrdəndir”.
Sonra alim müstəqil Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdə mühüm rolundan bəhs edib, Ulu Öndərin çoxşaxəli və zəngin fəaliyyəti ilə bağlı bəzi tarixi faktları diqqətə çatdırıb.
Daha sonra konfrans öz işini məruzələrlə davam etdirib. İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov Tarix İnstitutunun dissertantı Gülnar Paşayeva ilə həmmüəllifi olduğu “Azərbaycanda İnternetin formalaşması və inkişafı mərhələləri”, şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova “Heydər Əliyev və İKT sahəsində kadr siyasəti”, şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev “Azərbaycanda iqtisadi kibernetikadan rəqəmsal iqtisadiyyata keçidin təkamülü”, baş mühəndis Şakir Mehdiyev “Azərbaycanda avtomatlaşdırılmış idarəetmə sistemlərinin inkişaf mərhələləri”, şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Rasim Mahmudov isə “İnformasiya inqilabları və Azərbaycan” mövzularında çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.