"Apple" şirkəti öz saytında qurğunun texniki dəstəyi haqqında sənədi yeniləyib. Bununla da optik stabilləşmə sistemilə təchiz edilmiş iPhone 6 Plus-un kamerasının həqiqətən də aydın olmayan şəkillər çəkdiyini etiraf edib.
CNews.ru saytının verdiyi məlumata görə, Apple-ın rəsmi saytındakı yeni məqalədə deyilir ki, şəkillərin bulanıq olmasına səbəb telefona bərkidilmiş metal və maqnit üzlüklər, futlyar və s. ola bilər. Buna görə də istifadə zamanı bu aksessuarların çıxarılması vacibdir.
Bununla yanaşı, məqalədə kameradakı linzaların təmizliyinin yoxlanılması kimi məsələlərə də diqqət yetirmək məsləhət görülür.
Şirkət aksessuar istehsalçılarından məhsulların hazırlanmasında metal və maqnitlərdən mümkün olduqca az istifadə etməyi xahiş edib.
Xatırladaq ki, cari ilin noyabr ayında yeni iPhone istifadəçilərinin kifayət qədər böyük qismi smartfonun sabit səthdə belə aydın şəkil çəkə bilmədiyini deyib.
Şikayətlərdən biri də videoyazı funksiyası - çarxlardakı təsvirlərin dalğalı getməsi ilə bağlı olub.
Bu zaman belə bir fərziyyə yarandı ki, problem telefonun təchiz olunduğu optik stabilləşmə funksiyasının düzgün işləməməsi ilə əlaqədardır.
Bu, Apple-ın optik stabilləşmə sistemilə təchiz olunmuş ilk və hələ ki, yeganə qurğusudur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.