Təcili tibbi yardım xidmətində kiber-fiziki geosistemlərin tətbiqi ilə bağlı tədqiqatlar aparılır

27 Noyabr 2023 - 14:54 | Konfranslar, İclaslar
Təcili tibbi yardım xidmətində kiber-fiziki geosistemlərin tətbiqi ilə bağlı tədqiqatlar aparılır

İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn elmi seminarda “Təcili tibbi yardım xidmətində kiber-fiziki geosistemlərin yaradılması” mövzusunda müzakirələr aparılıb.

Seminarda institutun Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov mövzuya dair çıxış edərək öncə təcili tibbi yardım xidmətinin tarixindən bəhs edib. Dünyada ilk təchiz olunmuş təcili yardım stansiyalarının 1417-ci ildə Hollandiyada fəaliyyətə başladığını qeyd edib. Bildirib ki, dünyada ilkin tibbi yardım xidməti hələ 19-cu əsrin sonlarında, Azərbaycanda isə ötən əsrin 20-ci illərində yaradılıb.

O, kiber-fiziki geosistemlərin (KFGS) təcili tibbi yardımı təkmilləşdirmək üçün informasiya texnologiyaları, geoməkan məlumatları və tibbi yardımı birləşdirən innovativ yanaşma olduğunu vurğulayıb. Əlavə edib ki, bu sistemlər xəstələrin yerləşdiyi məkanlar, tibbi resurslar və yol şəraiti haqqında məlumatların səmərəli toplanmasına, təhlilinə və ötürülməsinə imkan verir.

A.Səmidov  müxtəlif ölkələrdə təcili tibbi yardım xidmətinin fəaliyyətinin regiondan və səhiyyə sistemindən asılı olaraq bir sıra problemlərlə üzləşdiyini söyləyib: “Təcili tibbi yardım xidmətlərinin qarşılaşa biləcəyi bəzi çatışmazlıqlara reaksiya müddəti, uzaq ərazilərə getməkdə çətinliklər, resurs çatışmazlığı, zəif koordinasiya, eləcə də effektiv olmayan informasiya sistemləri aiddir. Bu çatışmazlıqların aradan qaldırılması koordinasiya, maliyyə, texniki təchizat və kadr hazırlığının təkmilləşdirilməsini tələb edir. KFGS kimi müasir texnologiyaların tətbiqi də təcili tibbi yardım xidmətlərinin səmərəliliyini və əlçatanlığını təmin edə bilər”.

Tədqiqatçı kiber-fiziki geosistemin yaradılması metodologiyası haqqında da məlumat verib. Onun sözlərinə görə, bu proses geoməkan məlumatlarının toplanması və təhlili, tibbi informasiya sistemləri ilə inteqrasiya, marşrutun optimallaşdırılması və göndərilməsi, teletibbin tətbiqi, eləcə də kadr hazırlığı və sistemin sınaqdan keçirilməsindən ibarətdir.

Daha sonra o, təcili tibbi yardımda kiber-fiziki geosistemlərin üstünlüklərindən söz açıb.  Bildirib ki, təcili tibbi yardım sistemində KFGS-dən istifadənin bir sıra üstünlükləri müəyyən edilib. Bunlara reaksiya müddətinin azaldılması, koordinasiyanın yaxşılaşdırılması və teletibbin tətbiqi daxildir.

Sonda A.Səmidov qeyd edib ki, təcili tibbi yardım xidmətində kiber-fiziki geosistemlərin yaradılması tibbi yardımın əlçatanlığını və operativliyinin təmin edilməsi, nəticədə əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.