Elektron təhsildə beynəlxalq standartların tətbiqi məsələləri araşdırılır

05 Noyabr 2023 - 11:46 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda “Elektron təhsildə beynəlxalq standartların tətbiqi” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.

Məruzəni təqdim edən institutun əməkdaşı Təranə Məcidova son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atıldığını, əsaslı islahatların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, ötən müddət ərzində təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənmiş, elektron təhsilin meydana gəlməsi təhsilin inkişafında və ixtisasların artırılmasında yeni imkanlar yaratmışdır. Bu baxımdan e-tədris və təhsilin idarə edilməsi, elektron dərsliklərin yaradılması və istifadəsi, ekspertizası və qiymətləndirilməsi istiqamətində mövcud beynəlxalq standartların araşdırılması, təklif və tövsiyələrin hazırlanması zərurəti meydana gəlmişdir.

Tədqiqatçı elektron təhsilin proqram təminatının əsas komponentlərindən – tədris proqramları (Courseware), alət vasitələri (Authoring software), tədrisin idarə edilməsi sistemləri (Learning Management Systems – LMS) və virtual tədris mühitindən (Virtual Learning Environments – VLE) bəhs edib, elektron tədris mühitinin konseptual modelini təqdim edib.

Onun sözlərinə görə, XXI əsrin əvvəllərində transsərhəd və transmilli təhsilin sürətli inkişafı, elektron təhsil texnologiyalarının tətbiqi ölkədə müvafiq sahədə beynəlxalq standartların araşdırılmasını zəruri edir. Hazırda elektron təhsil sahəsində lüğətlər və taksonomiyalar (vocabularies and taxonomies), arxitektura (architectures), tələbə haqqında məlumat (learner information), təlim resursları (learning content), idarəetmə sistemləri (management systems) və qiymətləndirmə (assessment) kimi istiqamətlər üzrə standartlar yaradılır.

Məruzəçi, həmçinin e-təhsildə istifadə olunan ən yeni standartlar – SCORM, Tin Can (xAPI), CMI5, ISO21001 haqqında məlumat verib, onların üstünlükləri və çatışmazlıqlarını nəzərə çatdırıb.

“Bir neçə ildən sonra verilənlərə əsaslanan universitetlərin intellektual, əlaqəli mühitdə fəaliyyət göstərdiyi rəqəmsal ali təhsil sektorunu təsəvvür etmək mümkün olacaq. Bu baxımdan universitetlər mövcud xidmətləri inkişaf etdirmək, resursları ayırmaq və onların effektivliyinə nəzarət etmək üçün müxtəlif mənbələrdən əldə olunan məlumatlardan istifadə etməyi planlaşdırırlar”, – deyə T.Məcidova bildirib.

Sonra təqdim olunan mövzuya dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.