İnformasiya Texnologiyaları İnstitutunda “Milli terminoloji informasiya sistemi əsasında fərdlərin nitqlərinin populyarlığının qiymətləndirilməsi metodu” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.
Məruzəni təqdim edən institutun böyük elmi işçisi Əfruz Qurbanova mətnin oxunaqlılığının onun oxucu tərəfindən asan başa düşülməsini müəyyən edən mühüm parametrlərdən olduğunu diqqətə çatdırıb, bu baxımdan mətnlərin dəqiq, aydın və anlaşıqlı şəkildə təqdim edilməsinin vacibliyindən bəhs edib.
Ə.Qurbanova bildirib ki, tədqiqat işində mətnlərin anlaşıqlılıq səviyyəsinin qiymətləndirilməsinin avtomatlaşdırılması məsələsinə baxılmış, bu məqsədlə milli terminoloji informasiya sistemi əsasında mətnlərin populyarlığının qiymətləndirilməsi üçün metod təklif olunmuşdur. Fərdlərin nitqinin hədəf auditoriyası tərəfindən anlaşılma səviyyəsini qiymətləndirmək üçün populyarlıq indeksi daxil edilmiş və təhlil olunmuşdur.
Məruzəçinin sözlərinə görə, nitqin ümumi və elmi anlaşıqlılıq səviyyəsinin qiymətləndirilməsi məsələlərinə də baxılıb və göstərilib ki, fərdlərin nitqinin populyarlıq indeksini müntəzəm olaraq analiz etmək, zaman keçdikcə yaxşılaşdırıb trendi müəyyənləşdirmək olar.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.