Zərərli proqramların aşkarlanması üçün davranışyönümlü analiz metodlarından istifadə edilərək iki mühüm parametr – API və sistem müraciətləri əldə edilmişdir. Bu məlumatlar əsasında intellektual analiz metodları vasitəsilə aşkarlama modelinin qurulması analiz edilmişdir.
İnformasiya Texnologiyaları İnstitutunun dissertantı Elşən Bağırov “Real dünya şəraitində davranışa əsaslanan zərərli proqram aşkarlama yanaşmalarının təhlili” (“Analyzing the performance of behavioral-based malware detection approaches under real-world conditions”) adlı məruzə ilə “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında çıxışı zamanı bu barədə məlumat verib.
E. Bağırov bildirib ki, modelin qurulması zamanı mövcud çətinliklər, meydana çıxa biləcək problemlər də nəzərə alınmışdır. Bu problemlərə modelin ümumiləşdirmə xüsusiyyətinin vacibliyi, verilənlər toplusunun rəngarəngliyi, yüksək məhsuldarlığa və büdcəyə malik hesablama sistemləri zərurəti və s. aiddir.
Tədqiqatçı həmçinin validasiya nəticələrinin mütəmadi olaraq test edilməsinin vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.