AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun həmmüəllifi olduqları məqalə “MECS Press” tərəfindən nəşr olunan “International Journal of Computer Network and Information Security” (IJCNIS) jurnalında dərc olunub.
“Mobil bulud hesablamasında məsələlərin planlaşdırılması və resursların paylanmasının tam ədədli proqramlaşdırma modelləri” (“Integer Programming Models for Task Scheduling and Resource Allocation in Mobile Cloud Computing”, DOI: https://doi.org/10.5815/ijcnis) adlı məqalədə qeyd edilir ki, ənənəvi mobil bulud hesablamalarında istifadəçilərin məsələləri İnternet şəbəkəsi üzərindən bulud serverə yüklənir və emal edilir. Son dövrlərdə şəbəkəyə qoşulan mobil istifadəçilərin sayının sürətlə artması səbəbindən İnternet şəbəkəsinin əlaqə kanallarının yüklənməsi nəticəsində bulud serverlərdə emal olunan məlumatların istifadəçiyə çatdırılmasında böyük gecikmələr yaranır. Eyni zamanda çoxsaylı istifadəçilərin məsələlərinin bulud serverlərdə optimal planlaşdırılması da nəticələrin istifadəçiyə çatdırılmasında problemlər yaradır.
Planlaşdırma istifadəçilərin məsələlərinin bulud serverlərdə balanslı şəkildə paylanmasnı təmin etməklə məsələlərin icra müddətini azaltmaq üçün istifadə olunan bir yanaşmadır. Planlaşdırmanın məqsədi istifadəçilərin tələblərini nəzərə alaraq tapşırıqların sürətli emalını həyata keçirən uyğun resursların seçilməsini təmin etməkdir. Bulud xidmət təminatçılarının məqsədi effektiv planlaşdırma həyata keçirməklə istifadəçiləri tələb olunan resurslarla təmin etməkdir ki, nəticədə həm istifadəçi, həm də xidmət təminatçısı gəlir əldə etsin. Məqalədə mobil bulud hesablamaları mühitində məsələləri cloudlet şəbəkəsində optimal yerləşdirilməklə emal vaxtının, şəbəkə gecikmələrinin və mobil qurğuların enerji sərfiyyatının azaldılmasını təmin edən planlaşdırma modeli təklif edilmişdir.
Qeyd edək ki, jurnal “Web of Science”, INSPEC və digər bazalarda indeksləşir və referatlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.