Kiber-fiziki sistemlərin kritikliyinin qiymətləndirilməsinə dair məruzə beynəlxalq konfransda müzakirə olunub

18 Sentyabr 2023 - 15:10 | Konfranslar, İclaslar
Kiber-fiziki sistemlərin kritikliyinin qiymətləndirilməsinə dair məruzə beynəlxalq konfransda müzakirə olunub

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları “Kiberhücum qraflarının əsasında kiber-fiziki sistemlərin kritikliyinin qiymətləndirilməsi” (“Оценка критичности киберфизических систем на основе графа атак”) adlı məruzə 12-15 sentyabr 2023-cü il tarixlərində Rusiyanın Kursk şəhərində keçirilən, institutun həmtəşkilatçısı olduğu “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2023” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2023) XVII beynəlxalq elmi-texniki konfransında təqdim olunub.

Hibrid formatda təşkil olunmuş konfransda çıxış edən L.Suxostat tədqiqatın məqsədinin Bayes kiberhücum qraflarından istifadə etməklə kiber-fiziki sistemlərin təpələrinin kritikliyini qiymətləndirməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Məruzəçi qeyd edib ki, kiber-fiziki sistemləri kritiklik nöqteyi-nəzərindən modelləşdirərkən informasiya texnologiyaları (information technology, IT) və əməliyyat texnologiyaları (operational technology, OT) arasındakı əlaqə nəzərə alınmalıdır. Tədqiqat işində kiberhücumların inkişaf istiqamətini müəyyən etmək üçün Bayes kiberhücum qrafı təqdim edilib. Kiber-fiziki sistem qovşaqlarının kritikliyi Promethee II alqoritmindən istifadə etməklə qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.