İnformasiya Texnologiyaları İnstitutunda Avstraliyanın elm və təhsil qurumları ilə birgə tədqiqatlar aparılır

24 İyul 2023 - 14:48 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsində müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqaməti üzrə Big Data analitikası və Data Mining problemləri tədqiq olunur.

Bu barədə şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev institutun Elmi şurasının iclasında bu struktur bölmənin 2023-cü ilin birinci yarısı üzrə hesabatının müzakirəsi zamanı məlumat verib.

Yarımillik dövr ərzində şöbədə aparılan elmi tədqiqat işlərini diqqətə çatdıran Ramiz Alıquliyev hesabat dövründə böyük biliklərin analitikasının (Big Knowledge Analytics) elmi-nəzəri əsaslarının araşdırıldığını, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində Avstraliya Federativ Universiteti və Melburn Kral Texnologiya İnstitutu ilə klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi üçün yeni model və alqoritmlərin işlənildiyini diqqətə çatdırıb.

Şöbə rəhbəri həmçinin neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsiziliyi məsələləri ilə bağlı görülmüş işlər barədə danışıb, bu istiqamətdə ümumilikdə 10 məqalənin hazırlandığını vurğulayıb.

Ramiz Alıquliyev rəhbərlik etdiyi şöbədə böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin işlənməsi istiqamətində yerinə yetirilmiş işləri diqqətə çatdırıb. O, anomaliyaları aşkarlayan alqoritmlərin Apache Spark mühitində eksperimental yolla müqayisəli analizinin aparıldığını, böyük ölçülü məlumatların klasterləşdirmə alqoritmlərinin və məlumatlarda anomaliyaların aşkarlanması alqoritmlərinin müasir vəziyyətinin təhlil olunduğunu, o cümlədən anomaliyaları aşkarlayan klasterləşdirmə alqoritmlərinin eksperimental yolla müqayisəli analiz olunduğunu və onların çatışmazlıqlarının müəyyən edildiyini vurğulayıb.

O, həmçinin plagiatlığın aşkarlanması üçün mətnlərin intellektual analizi metodlarının işlənməsi, virtual mühitdə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq tədris resurslarından istifadənin qiymətləndirilməsinin intelektual metod və alqoritmlərinin yaradılması, böyük məlumatların analizi üçün dərin təlim modelləri və metodlarının işlənməsi  mövzusunda aparılan tədqiqatların vəziyyəti ilə bağlı məlumat verib. Eyni zamanda, elektron ticarətdə fırıldaqçılığın aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi, Əşyaların İnterneti sistemlərdə bəzi növ kiberhücumların aşkarlanması üçün dərin təlim üsullarının işlənməsi, pilotsuz uçan aparatların hərəkətinin idarə olunması, eləcə də iyerarxiyaya əsaslanan klasterləşdirmə alqoritmlərinin böyük verilənlərə tətbiqinin araşdırılması ilə bağlı aparılan tədqiqatların nəticələrini təqdim edib.

Ramiz Alıquliyev cari ildə şöbə əməkdaşları tərəfindən 9-u “Web of Science”, 3-ü isə “Scopus”a daxil olmaqla ümumilikdə 17 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli 6 konfrans materialının çap olunduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı fikirlərini bölüşüb, doktorant və dissertantların elmi fəaliyyətinin gücləndirilməsinə dair tövsiyələrini verib. Akademik R.Əliquliyev şöbədə müasir çağırışlara cavab verən prioritet elmi istiqamətlərdə aparılan tədqiqatlarda gənc tədqiqatçıların fəal iştirakının vacibliyini vurğulayıb.

Elmi şuranın qərarı ilə şöbənin yarımillik hesabatı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.