Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə araşdırmalar aparılır

20 İyul 2023 - 15:10 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin 2023-cü il üzrə yarımillik hesabatı müzakirə olunub. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev 6 ay ərzində görülən elmi-tədqiqat işləri barədə məlumat verib.

O, qeyd edib ki, rəqəmsal tranformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə tədqiqatlar aparılıb. Bu problem üzrə “Azərbaycanda elektron tullantıların idarəçiliyi konsepsiyasının işlənməsi”, “Akustik küy çirklənməsi və onların sağlamlığa ziyanlı təsiri xüsusiyyətlərinin analizi” mövzularında məqalələr hazırlanıb.

Bikəs Ağayevin sözlərinə görə, şöbədə, həmçinin müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə araşdırmalar aparılıb. Bu istiqamətdə “Neft-qaz kompleksinin mövcud texnoloji problemlərinin İKT platformasında innovativ texnologiyalar əsasında həlli yolları” mövzusu üzrə məqalə və tezislər hazırlanıb.

Şöbə müdiri əlavə edib ki, məqalələrdən bir neçəsi “Scopus” nüfuzlu bazasında indeksləşən jurnallara təqdim olunub.

Hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib, əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.