“Sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi müzakirə olunub

17 İyul 2023 - 17:00 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarında “Sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işi müzakirə olunub.

İnstitutun doktorantı Araz Mustafa çıxış edərək, texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu diqqətə çatdırıb.

A.Mustafa dissertasiya işinin məqsədinin sosial təyinatlı kiber-fiziki sistemlərdə toplanmış fərdi məlumatların qorunması üçün intellektual metod və alqoritmlərin işlənilməsindən ibarət olduğunu söyləyib.

İddiaçının sözlərinə görə, hazırda informasiya sistemlərinin kütləvi tətbiqi, kiber-fiziki mühitin şəbəkələşməsi fərdi məlumatlara olan təhdidlərin miqyasını və təsirini artırır. Rəqəmsal transformasiyaların sürətləndiyi bir dövrdə fərdlər tərəfindən sosial təyinatlı kiber-fiziki sistemlərdə edilən hər hansı bir funksional və ya prosedural tranzaksiyalar məlumat bazalarında, serverlərdə fərdi məlumatların izlərini qoyur. Həmçinin, kiber-fiziki mühitdə smart qurğular, cloud servislər, naviqasiya sistemləri və s. kimi vasitələrin istifadəsi zamanı fərdi məlumatlar toplanır. Bu məlumatlar müəyyən hallarda istifadəçilərin rahatlığının təmin edilməsi və ya sistemlərin işləməsi üçün zəruri sayıla bilər. Lakin bəzən fərdi məlumatların sızması, informasiyanın bütovlüyü prinsipinin pozulması halları da baş verir. Bu səbəbdən fərdi məlumatların icazəsiz istifadəsi insanlarda maddi, mənəvi, psixoloji və sağlamlıqla bağlı problemlərə gətirib çıxara bilir. Bu kimi hadisələrin qarşısının alınması üçün sosial təyinatlı kiber-fiziki sistemlərdə toplanan fərdi məlumatların qorunması məsələsi daha da aktuallaşır.

Tədqiqatçı qeyd edib ki, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların formalaşması, xarakteristikaları və tətbiq sahələri, onların kibertəhlükəsizliyi məsələlərinin araşdırılması, analizi və sistemləşdirilməsi, müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi, sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların qorunması üçün metod və alqoritmlərin işlənməsi, dərin təlim əsasında fərdi məlumatların qorunması, eləcə də mobil şəbəkələrin müştəriləri tərəfindən toplanmış fərdi məlumatların intellektual analizi üçün metodun (mobil şəbəkə, Ad-Hoc şəbəkə, federativ təlim) işlənməsi tədqiqat işində qarşıya qoyulmuş əsas məsələlərdir.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, sosial təyinatlı kiber-fiziki sistemlərdə toplanmış fərdi məlumatların qorunması üçün federativ təlim texnologiyalarının araşdırılmasının önəmini qeyd edib, təklif və tövsiyələrini səsləndirib.

Daha sonra dissertasiya işi ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.