İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin “Cisco ISE (Identity Services Engine) şəbəkə identifikasiyasının idarə edilməsi və girişə nəzarət” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirilib.
Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Orxan Mənsimzadə bildirib ki, Cisco ISE (Identity Services Engine) şəbəkə identifikasiyasının idarə edilməsi və girişə nəzarət həlli olub, şəbəkədəki istifadəçilərin və cihazların autentifikasiyasını, eləcə də avtorizasiyasını idarə edir, şəbəkəyə qoşulmuş cihazlar haqqında məlumat toplamaqla burada bütün fəaliyyətə nəzarət edir. Onun tətbiq sahələri təhsil, səhiyyə, pərakəndə satış, maliyyə və istehsalat olan proqramın arxitekturası siyasət, monitorinq, administrator və siyasət məlumatından ibarətdir.
Sonra məruzəçi qeyd edib ki, şəbəkə şəxsiyyətinin idarə edilməsi və girişə nəzarət təşkilatlara BYOD (Bring Your Own Device - Öz Cihazınızı Gətirin) öz siyasətlərini tətbiq etməyə imkan verir: “BYOD siyasəti işçilərə şəbəkə təhlükəsizliyini təmin etməklə yanaşı, öz cihazları ilə işləmək, eyni zamanda təşkilatlara şəbəkə və onun daxil ola biləcəyi resurslara nəzarət etmək imkanı verir. Bu yolla təşkilatlar həssas məlumatların yalnız müəyyən şəxslər tərəfindən əldə edilməsini, məlumat itkisi və ya sızma risklərinin azaldılmasını təmin edə bilir”.
Daha sonra Cisco ISE-nin üstünlüklərindən bəhs edən O.Mənsimzadə söyləyib ki, bunlara təhlükəsizlik, effektivlik, girişə nəzarət, xidmətin keyfiyyəti və s. aiddir. Onun sözlərinə görə, Cisco ISE tək giriş (Single Sign-On - SSO) imkanları təklif edən və digər sistemlərlə asanlıqla inteqrasiya edə bilən autentifikasiya və girişə nəzarəti həll edir. SSO istifadəçilərə bir girişlə birdən çox proqrama və ya resursa daxil olmaq imkanı verir.
Tədqiqatçı diqqətə çatdırıb ki, Cisco ISE bəzi hesabat və monitorinq xüsusiyyətlərini – audit girişi, real vaxt rejimində monitorinq, xüsusi hesabatlar, uyğunluq hesabatı, həmçinin son nöqtənin profilləşdirilməsini təmin edir. Onun saxlanması məqsədilə daimi olaraq yeni nüsxələrin çıxarılması, proqram təminatı yeniləmələri və sistem sağlamlığının yoxlanması aparılır.
Proqram ilə bağlı problemlərin aradan qaldırılması məsələlərindən söhbət açan O.Mənsimzadə bildirib ki, bu məqsədlə qeydlər nəzərdən keçirilməli, şəbəkə bağlantılarına nəzarət edilməli, sistem resurslarının monitorinqi aparılmalı, xidmət vəziyyəti yoxlanılmalı, problemləri həll etmək mümkün olmadıqda isə “Cisco”nun dəstək komandası ilə əlaqə saxlanılmalıdır.
Daha sonra məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.
Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məruzə ilə bağlı fikirlərini bölüşüb, tədqiqatların dərinləşdirilməsinin, bu istiqamətdə məqalələrin hazırlanmasının zəruriliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.