Şəhər miqyaslı naqilsiz şəbəkə mühitində cloudletlər-in optimal yerləşdirilməsi modeli işlənilib

25 Aprel 2023 - 11:21 | Yeni nəşrlər
Şəhər miqyaslı naqilsiz şəbəkə mühitində cloudletlər-in optimal yerləşdirilməsi modeli işlənilib

Son illərdə bulud hesablamaları böyük həcmli məlumatların emalı və yadda saxlanması üçün  yeni paradiqma kimi ortaya çıxmışdı. Bulud hesablamalarının xidmətlərindən istifadə edən mobil telefonların və IoT cihazların sayının sürətlə artması İnternet şəbəkəsinin ötürücülük qabiliyyətini aşağı salır, nəticədə uzaqda yerləşən bulud serverlərdə emal olunan məlumatların istifadəçiyə çatdırılmasında gecikmələr yaranır.

Bu barədə “Şəhər miqyaslı naqilsiz şəbəkə mühitində cloudletlər-in optimal yerləşdirilməsi modeli” (“Model of Optimal Placement of Cloudlets in a Wireless Metropolitan Area Network”) adlı məqalədə məlumat verilib.

İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun müəllifi olduğu məqalə nüfuzlu “Информационные технологии” jurnalında çap olunub.

Məqalədə qeyd olunub ki, mobil qurğularda resurs qıtlığını, enerji sərfiyyatını və əlaqə kanallarında yaranan gecikmələri aradan qaldırmaq üçün sərhəd hesablama sistemlərindən (cloudlet, fog computing və s.) istifadə edirlər. Sərhəd hesablama sistemlərində emaledici qurğular (cloudletlər) istifadəçilərə yaxın yerləşdirilir. Cloudlet-lər mobil qurğulara nə qədər yaxın yerləşərsə, məsələnin emal vaxtı və mobil qurğunun enerji sərfiyyatı da azalır və əlaqə kanallarının ötürmə qabiliyyəti yüksəlir. Beləliklə, İnternet şəbəkəsinin əlaqə kanallarında gecikmələri və mobil qurğularda enerji sərfiyyatını azaltmaq üçün cloudlet əsaslı mobil hesablama buludlarından geniş istifadə edirlər.

Tədqiqat çərçivəsində həmçinin şəhər miqyaslı mobil şəbəkələrdə bulud serverlərə ən çox müraciət edilən məkənları müəyyən edib məhdud sayda olan cloudletlər-in həmin məkanlarda optimal yerləşdirilməsi məsələsinə baxılmışdır.

Qeyd edək ki, “Информационные технологии” jurnalı  РИНЦ, RSCI (Russian Science Citation Index) və s. kimi nüfuzlu elmi bazalarda indeksləşir və referatlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.