“WEB 3.0: mövcud vəziyyəti və tətbiq sahələri” mövzusunda elmi seminar keçirilib

11 Aprel 2023 - 15:10 | Konfranslar, İclaslar

Web 3.0 mərkəzləşdirilməmiş və semantik arxitekturaya sahib yeni nəsil İnternet texnologiyası hesab olunur. Web 3.0 texnologiyasına bəzən gələcəyin İnterneti də deyilir. Bu texnologiya haqqında ilk dəfə Web 2.0-ın banisi Tim O’Reilly fikir bildirmiş, 2010-ci ildə “NetScape” şirkətinin sahibi Jason Calacanis bu fikri konsepsiyaya çevirmişdir. 2020-ci ildən isə Web 3.0 texnologiyası daha geniş yayılmağa başlamışdır.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin “WEB 3.0: mövcud vəziyyəti və tətbiq sahələri” mövzusunda keçirilən elmi seminarında məlumat verilib.

Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Oqtay Ələkbərov Web x.0-ın təkamülündən bəhs edərək söyləyib ki, 1980-1999-cu illəri əhatə edən Web 1.0  2000-2020-ci illərdə Web 2.0 ilə əvəz olunub. Onun sözlərinə görə, 2020-2030-cü illəri Web 3.0, 2030-2040-cı illərdə isə Web 4.0 texnologiyaları əhatə edəcək.

Sonra O.Ələkbərov Web 2.0 ilə Web 3.0-ın müqayisəli analizini təqdim edərək Web 2.0-ın istifadəçilərdən asılı olduğunu, daha çox kiberhücumlara məruz qaldığını, “Cookie” faylların avtonom bloklanmasını və s. nəzərə çatdırıb. Bildirib ki, Web 3.0-da isə təhlükəsizlik süni intellekt vasitəsilə təmin olunur, kontentlər və “Cookie” fayllar istifadəçilərə uyğun tənzimlənir.

Daha sonra Web 3.0 texnologiyasının əsas xüsusiyyətləri və tətbiq sahələri haqqında söhbət açan tədqiqatçı qeyd edib ki, burada blokçeyn və kriptoqrafiyadan istifadə edilir: “Web 3.0 semantik veb infrastruktura, süni intellektə, mərkəzləşdirilmiş şəbəkəyə və s. malikdir. Bu texnologiya intellektual axtarış sistemləri, məlumat mübadiləsinin yüksək tezlikdə olması, yüksək maliyyə gəlirinin olması ilə özündən əvvəlkilərdən fərqlənir”.

O, Web 3.0-ın tətbiq sahələri haqqında da məlumat verərək vurğulayıb ki, bunlara mərkəzləşdirilməmiş maliyyə platformaları (DeFiP), mərkəzləşdirilməmiş avtonom təşkilatlar (DAO), blokçeyn əsaslı ticarət platformaları, bulud texnologiyaları, sosial şəbəkə və multimedia platformaları aiddir.

Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbə müdiri, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək müasir dövrdə Web 3.0 kimi texnologiyaların inkişaf perspektivlərinin araşdırılmasının aktuallıq kəsb etdiyini vurğulayıb, müvafiq istiqamətdə aparılan tədqiqatların intensivləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.