İnformasiya Texnologiyaları İnstitutu fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir

05 Aprel 2023 - 10:27 | Elanlar
İnformasiya Texnologiyaları İnstitutu fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir

İnformasiya Texnologiyaları İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi müəssisə və təşkilatlarının 2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Doktorantura və dissertanturaya sənəd qəbulu 12 aprel - 16 may 2023-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/  saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək. Sənəd təqdim etmək istəyən şəxslər sayta daxil olmalı, “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Sənədlər sistemə müvəffəqiyyətlə yerləşdirildikdən sonra iddiaçılar müraciət etdikləri ali təhsil müəssisəsi, elmi müəssisə və ya təşkilatda yaradılan qəbul komissiyasında müsahibədən keçməlidirlər. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. Qəbul komissiyası müsahibənin nəticələri və təqdim olunmuş sənədlər əsasında qəbul imtahanlarına (xarici dil, fəlsəfə, ixtisas fənni üzrə) buraxılmaq haqqında qərar qəbul edir.

Qəbul şərtləri:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmaq istəyən şəxslər xarici dil üzrə ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında keçid balını toplamalıdırlar.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavr və magistr diplomları əlavələri ilə birlikdə) notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG - əgər varsa).

Qeyd edək ki, xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG) malik olan şəxslər müvafiq sertifikatı Dövlət İmtahan Mərkəzinə təqdim etdikdə xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.

Doktoranturaya qəbul cari ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilir.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertantlıq yolu ilə “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər.

Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- elmi müəssisənin rəhbərinin adına ərizə;

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı;

- “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun (bakalavr və magistr diplomları əlavələri ilə birlikdə) notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Doktorantura və dissertanturaya qəbul qaydaları ilə ətraflı  “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na keçid etməklə tanış olmaq olar.

Əlavə məlumat üçün İnformasiya Texnologiyaları İnstitutunun Təhsil şöbəsinə müraciət etmək olar.

Əlaqə nömrəsi: (+994 12) 510 12 60,  (+994 12) 510 06 98

E-mail: farhadyusifov@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.