“Sabahın alimləri” XII respublika müsabiqəsinin açılış mərasimi keçirilib

13 Fevral 2023 - 19:00 | Konfranslar, İclaslar

Fevralın 13-də Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və "BP Azərbaycan" şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rüfət Əzizov mövcud 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələrdən, həmçinin həmin layihələrin şəhər və rayonlar üzrə göstəricilərindən bəhs edib. Bildirilib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 486  layihədən 163-ü sərgidə iştirak etmək hüququ qazanıb. 

ARTİ-nin direktoru təqdim olunan layihələrin şagirdlərin gələcək həyatında uğurlu iş fəaliyyətinin başlanğıcı olduğunu qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, şagirdlər arasında mühəndislik, riyaziyyat, fizika və kompüter elmlərinə olan maraq daha da artmaqdadır.

Emin Əmrullayev müsabiqə çərçivəsində STEAM yönümlü layihələrin üstünlük təşkil etdiyini vurğulayıb.

Nazir çıxışının sonunda müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzulayıb.

AMEA-nın prezidenti İsa Həbibbəyli tədbirdə çıxış edərək sözügedən müsabiqənin əhəmiyyətindən danışıb. İsa Həbibbəyli bildirib ki, AMEA-da gənc alim və mütəxəssislərin inkişafı üçün zəruri tədbirlər həyata keçirilir, eyni zamanda, müsabiqənin genişləndirilməsi və nailiyyətlərin artırılmasında adıçəkilən qurum yaxından iştirak edir.

"BP Azərbaycan" şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli müsabiqə iştirakçılarını təbrik edib və onlara davamlı nailiyyətlər arzulayıb. 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva da öz növbəsində gənc alimlər üçün təşkil olunan müsabiqənin onların gələcək həyatındakı müstəsna rolundan bəhs edib. 

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, müsabiqədə 3 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkar etmək, onlarda tənqidi düşünmə, problem həll etmə, vaxtın idarəedilməsi, natiqlik və ünsiyyət kimi müxtəlif bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirməkdir. Həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etmək əsas hədəflərdəndir.

edu.gov.az