Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir

01 Fevral 2023 - 14:25 | Konfranslar, İclaslar

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) beynəlxalq elmi əməkdaşlığın inkişafını hər zaman diqqətdə saxlayır, dünyanın qabaqcıl elm mərkəzləri, tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır. 

Bu barədə AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin FRTEB-in 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclasında çıxışı zamanı məlumat verib.

Akademik hesabat ilində Bölməyə daxil olan institut və təşkilatlar tərəfindən ümumilikdə 16 beynəlxalq konfrans və tədbirin keçirildiyini, alim və mütəxəssislərin müxtəlif beynəlxalq qrant layihələrində iştirak etdiklərini, xarici həmkarları ilə birgə tədqiqatlar apardıqlarını diqqətə çatdırıb.

Bölmənin Elmi şurasının sədri son illərdə Azərbaycan alimlərinin ardıcıl olaraq ABŞ-ın Stenford Universitetinin tərtib etdiyi “dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısı”nda yer aldığını vurğulayıb. Akademik Azərbaycanın 2020-ci ildən bu reytinq siyahısında təmsil olunduğunu qeyd edərək 2020-2022-ci illər üzrə siyahıda yer alan Azərbaycan alimləri haqqında məlumat verib. Bildirib ki, 2022-ci ilin siyahısına Azərbaycanda və xaricdə fəaliyyət göstərən bir neçə alimin adı daxil edilmişdir. Bu reytinq siyahısında ölkəmizi 6 elm sahəsi üzrə 14 alim təmsil etmişdir ki, onlar da 8 müxtəlif təşkilatın nümayəndələridir. Akademik reytinq siyahısında bu qurumlardan biri olan AMEA-nı 4 alimin təmsil etdiyini, onlardan 3-nün FRTEB üzrə institutlarda fəaliyyət göstərdiklərini vurğulayıb.

AMEA-nın vitse-prezidenti həmçinin İnformasiya Texnologiyaları İnstitutunun  artıq 3-cü ildir ki, Stenford Universitetinin reytinq siyahısında təmsil olunduğunu, 2022-ci ildən isə Radiasiya Problemləri İnstitutunun da bu siyahıda yer aldığını diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.