İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 5 saylı şöbənin 2022-ci il üzrə hesabatı müzakirə olunub.
Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev cari ildə şöbədə e-elm və elmmetriya problemləri ilə bağlı aparılan elmi tədqiqatların davam etdirildiyini, “Science 4.0-ın formalaşmasının elmi-nəzəri və praktiki problemlərinin tədqiqi” üzrə Science 4.0-ın formalaşmasının konseptual və arxitektur-texnoloji prinsiplərinin işlənildiyini, Science 4.0 çərçivəsində informasiya təhlükəsizliyi problemlərinin araşdırıldığını və onların həlli mexanizmlərinin işlənildiyini bildirib.
Şöbə rəhbəri “Industry 4.0 platformasında kritik infrastrukturların kiberdayanıqlılığının təmin olunması üçün intellektual texnologiyaların işlənməsi”, “Industry 4.0 həlləri əsasında vətəndaş elminin inkişafı perspektivlərinin tədqiqi”, “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə aparılan tədqiqatlar və bu tədqiqatlara dair çap olunan məqalələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb, həmçinin şöbə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib.
R.Alıquliyev hesabat ili ərzində nüfuzlu “Web of Science” və “РИНЦ” elmi bazalarına daxil olan tanınmış elmi jurnallarda bir sıra məqalələrin çap olunduğunu qeyd edib. Şöbənin elmi-innovasiya fəaliyyəti və beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində cari ildə həyata keçirilən tədbirlərdən, xüsusilə Belarus MEA Birləşmiş İnformatika Problemləri İnstitutu ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb.
O, həmçinin şöbənin cari ildə elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakı və s. ilə bağlı yerinə yetirilmiş işlər haqqında məlumat verib.
Sonra hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbədə Science 4.0-ın formalaşmasının elmi-nəzəri və praktiki problemlərinin tədqiqi, Industry 4.0 platformasında kritik infrastrukturların kiberdayanıqlılığının təmin olunması üçün intellektual texnologiyaların işlənməsi, Industry 4.0 həlləri əsasında vətəndaş elminin inkişafı perspektivlərinin tədqiqi, eləcə də digər mövzularda aparılan tədqiqatların daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Akademik müvafiq istiqamətdə tədqiqatlara gənc mütəxəssislərin cəlb edilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.
Elmi şuranın qərarı ilə şöbənin 2022-ci il üçün hesabatı qəbul olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.