Kiber-fiziki sistemlərin kiberdayanıqlılığının qiymətləndirilməsi istiqamətində araşdırmalar aparılır

05 Dekabr 2022 - 16:19 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminarında institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Kiber-fiziki sistemlərin çatışmazlıqları və kiberdayanıqlılığın qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi kiber-fiziki sistemlərin informasiya texnologiyaları (kibersəviyyə) və əməliyyat texnologiyalarının (fiziki səviyyə) birləşməsini özündə ehtiva etdiyini, kiberhücum risklərinin kiber və fiziki domenlərin, başqa sözlə, informasiya texnologiyaları və əməliyyat texnologiyaları domenlərinin inteqrasiyası nəticəsində meydana gəldiyini bildirib. Son iki onillikdə aparılmış elmi tədqiqatlarda kiberdayanıqlılığın müxtəlif təriflərinin təklif edildiyini nəzərə çatdırıb: “Bu tədqiqatlarda qeyd edilir ki, kiberdayanıqlılıq rəqəmsal sistemlərin kiberhücumlara və ya təsadüfi hadisələrə hazır olmaq, müqavimət göstərmək, sürətlə bərpa olunmaq və öyrənmək qabiliyyətinə aiddir. Kiberdayanıqlılıq insidentlər zamanı sistemin kritik funksionallığının qorunması və nasazlıqlardan sonra bərpa olunmasıdır”.

L.Suxostat kiber-fiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üzrə standartlar, onların təhlükəsizlik protokolları, kiber-fiziki sistemin fiziki, şəbəkə və kiber səviyyələrində kibertəhlükələr barədə məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb.

O, həmçinin kiber-fiziki sistemin vəziyyəti pisləşdikdə onun məhsuldarlığının zamanla necə dəyişdiyini göstərən konseptual kiberdayanıqlılıq əyrisini təqdim edib. Mənfi hadisələrin planlaşdırılması, kibertəhlükələrə cavab vermə hazırlığı, kibertəhlükələrin aşkarlanması, qoruyucu tədbirlərin görülməsi, potensial kibertəhlükələrin və onların nəticələrinin proqnozlaşdırılmasını əhatə edən kiberdayanıqlılığın qiymətləndirilməsinin zəruriliyindən bəhs edib.

Məruzəçinin sözlərinə görə, kiberdayanıqlılığın məqsədi mövcud kiberresursları əhatə edən bütün kiber-fiziki sistemlərin hərtərəfli qorunmasıdır. Kiberdayanıqlılığın qiymətləndirilməsi kiber-fiziki sistemin kritik funksionallığını müəyyən etməli və mənfi hadisələrə cavab olaraq sistemin bərpaolunma müddətini təxmin etməlidir.

Tədqiqatçı qeyd edib ki, kiber-fiziki sistemlərə qarşı olan kibertəhlükələrin azaldılması, pisniyyətli davranışların aşkarlanması və kiberhücumların qarşısının alınması üçün müxtəlif müdafiə üsulları təklif edən araşdırmalar aparılmışdır. Kiber-fiziki sistemlərin kiberhücumlara qarşı dayanıqlılığının artırılması ilə bağlı əsaslı elmi tədqiqatların aparılmasına ehtiyac vardır.

Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev institutda kiber-fiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi istiqamətində aparılan araşdırmaların daha da dərinləşdirilməsi, elmi tədqiqatların nəticəsi kimi məqalələrin hazırlanması və nüfuzlu beynəlxalq jurnallarda nəşr olunmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.