“Elektron dövlət quruculuğu problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransı keçirildi

04 Dekabr 2014 - 15:12 | Konfranslar, İclaslar

Dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı" ("BakuTel 2014") çərçivəsində  “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçirildi. AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçıları olduğu konfransda AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev və digər rəsmi şəxslər, idarəetmə və İKT sahəsinin alim və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.   

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə iştirakçıları salamlayaraq, elektron dövlət quruculuğu problemlərinə həsr olunan bu konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirdi.

A.Əlizadə ölkəmizdə yüksək texnologiyalar sektorunun inkişafı, biliklər iqtisadiyyatının formalaşdırılması kimi məsələlərlə bağlı AMEA ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi arasında işgüzar, səmərəli əməkdaşlıq əlaqələri formalaşdığını və bu əməkdaşlığın ildən-ilə daha da genişləndiyini vurğuladı.

AMEA prezidenti konfransa göstərdiyi elmi-təşkilati və maliyə dəstəyinə görə akademik Əli Abbasova AMEA adından minnətdarlığını bildirdi. 

A.Əlizadə e-dövlət quruculuğu problemlərinə həsr olunan konfransın ölkəmizdə bu sahədə ilk təşəbbüs olduğunu vurğulayaraq, tədbirin uğurlu olacağına, elektron dövlətin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Bildirdi ki, konfransa ölkəmizin müxtəlif elm, təhsil müəssisələrindən, dövlət qurumlarından 86 elmi məruzə təqdim olunub. Onun sözlərinə görə, bu, bir tərəfdən, elektron dövlət quruculuğunun nə qədər geniş, əhatəli bir proses olduğunu təsdiq edir, digər tərəfdən isə, bizim alim və mütəxəssislərin bu məsələyə nə qədər geniş aspektdən yanaşdığını göstərir.

Konfransın plenar iclasında AR rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov “Azərbaycanda elektron hökumət quruculuğu: əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etdi. Nazir ölkəmizdə e-dövlətin formalaşdırılması ilə bağlı indiyə kimi qanunvericilik, idarəetmə və texnoloji istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr haqqında danışdı. Bildirdi ki, ölkəmizdə e-dövlətin formalaşdırılması istiqamətində kompleks tədbirlər "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" çərçivəsində davam etdirilir. Ə.Abbasov Milli Strategiyada e-dövlətin inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr və onların həlli istiqamətində görüləcək işləri diqqətə çatdırdı.

Bildirdi ki, bu ilin sonunadək ölkədə "Elektron Hökumət" portalının funksionallığı, elektron xidmətlərin çeşidi və keyfiyyəti artacaq. Eyni zamanda bu kimi xidmətlərdən istifadə sayı 6 milyona çatacaq: “Elektron hökumət portalına 45 dövlət qurumu qoşulub, 386-dan çox elektron xidmət inteqrasiya edilib. Lakin bu sahənin elektronlaşdırılmasında hələ də müəyyən problemlər mövcuddur”. Nazir genişzolaqlı internet xidmətlərindən söz açaraq qeyd edib ki, 2015-ci ilə qədər və sonrakı dövrdə Bakı 100 mb/s, digər iri şəhər və rayon mərkəzləri 30 mb/s, qəsəbə və kənd yerləri isə 10 mb/s genişzolaqlı internetlə təmin ediləcək”.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda  e-dövlətin formalaşdırılması çərçivəsində rəhbərlik etdiyi qurumda həyata keçirilən işlər, e-xidmətlərin təşkili vəziyyəti haqqında danışdı. Bildirdi ki, ölkəmizdə e-dövlət quruculuğu ilə bağlı təhsil sisteminin üzərinə böyük vəzifələr düşür. M.Cabbarov ölkəmizdə təhsilin informasiyalaşdırılması, e-təhsil sisteminin qurulması sahəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu istiqamətdə görüləcək işlər haqqında məlumat verdi.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "Elektron elm: cari vəziyyəti, problemləri və perspektivləri" mövzusunda məruzəsini təqdim etdi. E-elmin   meydana   gəlməsi   və   inkişaf   mərhələlərindən danışan alim Azərbaycanda e-elmin əsasının ötən əsrin 80-cı illərində qoyulduğunu diqqətə çatdırdı. R.Əliquliyev e-elmin şəbəkə infrastrukturunun cari vəziyyəti və   problemlərindən söz açaraq bildirdi ki, bu sahə AMEA-nın bütün institut və təşkilatlarını  əhatə edən və əməkdaşları İnternet xidmətləri ilə təmin edən AzScienceNet şəbəkə infrastrukturu əsasında formalaşır. Qeyd etdi ki, AzScienceNet AMEA-nın Naxçıvan, Gəncə, Sumqayıt və Şəki şəhərlərində yerləşən elmi qurumlarını əhatə edən infrastruktura malikdir.

Elmin informasiyalaşdırılması vəziyyətindən danışan məruzəçi vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə AMEA Mərkəzi Kitabxanasının İnformasiya Resursları Mərkəzi yaradılmışdır. Hazırda AMEA Rəyasət Heyətinin fəaliyyəti yüksək templə informasiyalaşdırılır.

Alim öz çıxışında elmin informasiyalaşdırılması sahəsində mövcud problemlərə də toxundu: "70 il ərzində alimlərimiz tərəfindən milli-mənəvi dəyər daşıyıcıları olan çox sayda kitablar, muzey eksponatları, fauna və flora və s. kimi elmi əsərlər hazırlanmışdır. Onların rəqəmsallaşdırılaraq İnternet mühitində yerləşdirilməsi aktual problemlərdən biridir".

İnstitutun direktoru, həmçinin e-elmin aktual problemləri və araşdırılma vəziyyəti, beynəlxalq  qurumlara və  elmi  bazalara inteqrasiyası, e-elmin kadr hazırlığının   vəziyyəti  və  problemləri, eləcə də e-təhsil problemlərindən söz açdı.

Sonda akademik R.Əliquliyev qeyd olunan problemlərlə bağlı bir sıra təkliflər irəli sürdü. Bu gün "Elmin informasiyalaşdırılmasına dair Dövlət Proqramı"nın işlənilməsi zəruriyyəti yarandığını önə çəkərək bildirdi ki, e-elmin maddi-texniki bazasını gücləndirilməsi, alim və mütəxəssislərin iş şəraitinin yaxşılaşdırılması və onların inkişaf perspektivlərini nəzərə alaraq, İnformasiya Texnologiyaları İnstitutunun ərazisində "Elektron Elm Mərkəzi"nin tikilib istifadəyə verilməsi məqsədəuyğun olardı.

Konfransın plenar iclasında, həmçinin AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA  Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sektor müdiri Cavid Abdullayev çıxış etdilər.

Sonra konfrans 3 paralel seksiya iclasında davam etdi. İclaslarda e-dövlətin intellektuallaşdırılması konsepsiyası, elektron vətəndaş problemləri,  e-dövlət mühitində dövlət sirrinin təhlükəsizliyi, e-dövlətin formalaşdırılması layihələrinin idarə edilməsi, e-dövlət mühitində vətəndaş - dövlət münasibətlərinin tənzimlənməsi, e-dövlət mühitində e-sosial siyasət məsələləri, vikinomika konsepsiyasının elektron dövlət idarəçiliyində tətbiqi, e-dövlətdə informasiya müharibəsi modelləri, e-dövlət quruculuğunda bulud texnologiyalarının imkanları və problemləri, e-dövlət mühitində göstərilən audio xidmətlər, e-dövlətdə kriptoqrafiya sahəsində siyasətin formalaşdırılması, e-səhiyyə sisteminin formalaşdırılması, e-dövlət mühitində iqtisadi münasibətlərin transformasiyası, e-dövlət mühitində dil problemləri,e-təhsil mühitinin formalaşma mərhələləri və inkişaf tendensiyaları, e-gömrük sistemində gömrük risklərinin  idarə edilməsi, e-dövlətdə insan resurslarının formalaşdırılması və s. mövzularda məruzələr təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.