İnformasiya Texnologiyaları İnstitutunda şöbələrin 2022-ci il üzrə hesabat iclasları davam etdirilir.
Elmi şuranın növbəti iclasında şöbə müdiri, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi 3 saylı şöbənin hesabatını təqdim etdi.
R.Ələkbərov əvvəlcə bulud sistemlərinin analizi və sintezi problemləri üzrə aparılan tədqiqatlardan bəhs edərək bildirdi ki, cari ildə şöbədə “Bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərinin işlənməsi” mövzusu üzrə bir sıra əhəmiyyətli elmi nəticələr əldə olunmuşdur. Onun sözlərinə görə, bu istiqamətdə bulud hesablama sistemlərində tətbiqi proqramların tiplərinə uyğun cloudlet-lərin seçilməsi metodu, mobil bulud hesablamalarında cloudletlərin texniki xarakteristikalarına görə klasterləşdirmə metodu, bulud hesablama mühitində məsələlərin və resursların planlaşdırma modelləri, şəhər miqyaslı mobil şəbəkə mühitində cloudletlərin optimal yerləşdirilməsi metodu işlənilmişdir. Şöbə müdiri “Mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işinin hazırlandığını da qeyd etdi.
Məruzəçi həmçinin Industry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri ilə bağlı tədqiqatların aparıldığını diqqətə çatdırdı. O, problem üzrə “Kiberfiziki sistemlərin intellektual şəbəkə infrastrukturunun sintezi üçün metod və alqoritmlərin işlənməsi” və “Industry 4.0 platformasında Milli Radiasiya Təhlükəsizliyi Sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzularında dissertasiya işləri, eləcə də “Kibercinayətlərin aşkarlanması üçün loq-faylların intellektual analizi metodlarının tədqiqi” mövzusu üzrə tədqiqatların davam etdirildiyini vurğuladı.
R.Ələkbərov internet şəbəkəsi və superkompüter texnologiyalarının problemləri ilə bağlı aparılan tədqiqatları təqdim edərək Grid texnologiyalarının paylanmış hesablama sistemlərinin resurslarında səmərəli istifadəsində tətbiqi və proqramla idarə olunan şəbəkə texnologiyaları istiqamətində görülmüş işlərlə bağlı ətraflı məlumat verdi. O cümlədən Green Computing texnologiyalarında meydana çıxan problemlər və onların həlli yolları, naqilsiz mobil rabitə sistemlərinin müasir vəziyyəti, tətbiq sahələri və problemləri və süni intellekt sistemlərinin müasir vəziyyəti və tədqiqat metodlarının müqayisəli analizi ilə bağlı aparılmış tədqiqatları diqqətə çatdırdı.
Məruzəçi elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun, AMEA Rəyasət Heyətinin qrant layihələri üzrə tədqiqatların aparıldığını bildirdi.
Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT Assosiasiyası və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini, eləcə də NATO təşkilatı ilə əlaqələrin qurulduğunu nəzərə çatdırdı.
R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən tədbirlər barədə də məlumat verdi. Hesabat ilində “Paylanmış hesablama sistemləri: inkişaf mərhələləri, problemlər və həlli yolları” adlı kitabın çap olunduğunu diqqətə çatdırdı.
AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı tövsiyələrini səsləndirdi. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin və aparılan tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğuladı.
Hesabat ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
Elmi şuranın qərarı ilə şöbənin 2022-ci il üzrə hesabatı təsdiq olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.