İnstitutun struktur bölmələri üzrə illik hesabat iclaslarına başlanıldı

15 Noyabr 2022 - 16:12 | Konfranslar, İclaslar

Bu gündən etibarən İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclaslarında institutun struktur bölmələrində 2022-ci il ərzində aparılan tədqiqatların və görülmüş işlərin nəticələri müzakirə olunacaq.

Bu barədə iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, hər il olduğu kimi, institutun struktur bölmələrinə 2022-ci ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, elmi-təşkilati fəaliyyət və s. üzrə hesabatların hazırlanması tapşırılıb. 

Akademik R.Əliquliyev “Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə  ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması istiqamətində yeni vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırdı. İnstitutun baş direktoru bildirdi ki, AMEA-nın Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş digər elmi müəssisə və təşkilatları kimi İnformasiya Texnologiyaları İnstitutu da qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, öz fəaliyyətini yenidən qurmalıdır.

Cari il üzrə hesabatların yeni şərait və reallıqlar nəzərə alınmaqla yüksək səviyyədə təşkili və qiymətləndirilməsinin zəruriliyini vurğulayan akademik R.Əliquliyev hər bir əməkdaşın fəaliyyət planı üzrə il ərzində qarşısına qoyulan vəzifələrin icrası ilə bağlı ətraflı məlumat verməsinin əhəmiyyətini qeyd etdi.

Sonra iclasda institutun bir neçə struktur bölməsinin 2022-ci il ərzində əldə etdikləri elmi nəticələrə dair hesabatları dinlənildi. Hər bir şöbə rəhbəri plan çərçivəsində yerinə yetirilmiş işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verdi.

İclasda şöbələr üzrə çap olunmuş məqalələrin, eləcə də konfrans materialları, institut əməkdaşlarının elmi əsərlərinə istinadlarla bağlı statistik məlumatlar təqdim edildi.

Şöbələrin hesabatları Elmi şuranın üzvləri tərəfindən geniş müzakirə olunaraq təsdiq edildi.

Akademik R.Əliquliyev hesabat ili ərzində müvafiq struktur bölmələrdə aparılan elmi tədqiqatları, əldə olunan mühüm nailiyyətləri yüksək qiymətləndirdi, institut əməkdaşlarını bundan sonra da qurumun qarşısına qoyulan vəzifələrin icrasında fəal iştirak etməyə, elmi fəaliyyəti gücləndirməyə, beynəlxalq elmi əməkdaşlığı genişləndirməyə çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.